Nurlan Novruzov Nepalda getdiyi yox, başqa komandada oynayacaq
- 17 Apr 2021 18:38
- 1750
Son illər mütəmadi legioner həyatı yaşaması ilə yadda qalan və Türkiyə, Moldova, Estoniya kimi ölkələrdə top qovan Nurlan Novruzov yenidən diqqət mərkəzindədi. O bugünlərdə çox ekzotik futbol ölkəsi – Nepal çempionatında oynamağa razılıq verməsi ilə hər kəsin təəccübünə səbəb olmuşdu. Hər halda, əksəriyyət vaxtilə Azərbaycan çempionatının bombardiri olmuş futbolçunun ölkəsində I Divizionda oynamaqdansa, uzaq bir yerdə olmasına baxmayaraq legioner həyatı yaşamasına üstünlük verməsini alqışlayıb.
Amma “Rekord.az”-ın bugünkü araşdırması maraqlı məqamı ortaya çıxarıb. Belə ki, Novruzov yola çıxmazdan əvvəl verdiyi müsahibədə Nepalın “Maçxindra” klubuna transfer olunduğunu bildirmişdi. Amma belə deyilmiş. O, “Maçxindra” yox, “Lalitpur Siti” Futbol Klubunun şərəfini qoruyacaq.
Bu necə alınıb, necə olub ki, futbolçumuz transfer olunduğu komandanın adını bilməyib, çox maraqlıdı. Yəqin ki, bu, menecerlərin səhvidi. Hər halda, Novruzov artıq paytaxt Katmandudadı və ilk məşqinə də çıxıb.
Daha bir məqam isə Novruzovun cəmi bir ay əvvəl yaradılan və ilk mövsümü olacaq yeni Nepal Super Liqasında top qovacağıdı. Elə “Lalitpur Siti” də cəmi bir ay əvvəl yaradılıb.
Əvvəlcə klub haqda. “Lalitpur Siti” 24 mart 2021-ci ildə, yəni cəmi 3 həftə əvvəl “Bhat Bhateni” supermarketlər şəbəkəsi tərəfindən yaradılıb. Klubun rəhbəri də bu şəbəkənin sahibi Min Bahadur Qurunqun həyat yoldaşı Kamana Qurunqdu. Baş məşqçisi Pradip Humaqain olan komandada Novruzovla yanaşı daha bir legioner var. Bu, 30 yaşlı xorvatiyalı cinah yarımmüdafiəçisi Vilin Poşinkoviçdi. Ümumi heyətin əksəriyyəti isə elə "Maçxindra"nın oyunçularından təşkil olunub.
Nepal Super Liqasının özünün isə təməli 22 fevralda atılıb. Yarışda cəmi 7 klub iştirak edəcək. Bütün oyunlar eyni meydançada – 15 min tamaşaçı tutumu olan “Daşarat Ranqasala” oynanacaq. Əvvəlcə bütün komandalar bir-biriləri ilə bir dövrədə görüşəcək. Hərəyə 6 oyun keçirən komandalardan ən çox xal toplayan 4-ü yarımfinala yüksələcək. Ancaq yarımfinallar hamımızın adət etdiyi qaydada keçirilməcəyək. Belə ki, ilk yarımfinalda qrup (dövrə) mərhələsini 1-ci və 2-ci yerdə bitirən qarşılaşacaqlar. Qalib finala, məğlub isə təsnifat finalı – “eliminasiya”ya gedəcək. Digər yarımfinalda isə dövrəni 3 və 4-cü pillələrdə bitirən komandalar üz-üzə gələcək. Bu oyuna qalib olan tərəf həmin eliminasiyaya çıxacaq. Eliminasiyada qalib gələn komanda isə əsas finala vəsiqə qazanacaq.
Oyunlar 24 aprel – 15 may tarixləri arasında keçiriləcək. Liqanın ulduz elçisi dünyaca məşhur Luiş Fiqodur. Onun final matçını izləməyə gəlməsi gözlənilir.
Məsələ barədə futbolçunun özü ilə də danışdıq. Novruzovun açıqlaması belə oldu: "Hava limanına enəndə mənə də qəribə gəldi. Tez menecerlə əlaqə saxladım. O mənə bildirdi ki, "Maçxindra"nın da, "Lalitpur Siti"nin də sahibi eyni adamdı. Sırf bu turnir - Super Liqa üçün belə bir heyət toplayıblar. Bir növ Katmandu şəhər yığmasıdı. Heyətdə Nepal yığmasının 3 üzvü də var. Müqaviləm "Maçxindra" ilədi, mayın 15-nə qədər oynayıb, Vətənə qayıdacam."