Türkiyəlilər 21 yaşadək futbolçulardan ibarət yığmaya “Ümid milli” deyirlər.

Çünki onlar əsas komandanın gələcəyi hesab olunur. Bizdə də belədi? U-21-ə ümid bəsləmək olar? Nəticələrə baxanda ağlımızdan bir cavab keçir: YOX!

Avropa çempionatının seçmə mərhələsində 2 oyunda qapısından 8 top buraxıb, rəqib qapısı istiqamətində cəmi 4 zərbə endirən milliyə necə ümid bəsləyəsən? Kimdi günahkar? Bir çox baş məqşçilər məğlubiyyətlərdən sonra həmişə problemi özlərində görürlər. Bu fikri əsas götürərək, U-21-in baş məşqçisi Milan Obradoviçlə əlaqə saxladıq.

- Yığma Xorvatiyaya 0:2, Avstriyaya 0:6 uduzdu. Nə baş verdi?
- Nə baş verdiyin bilmək üçün gərək oyunumuzu təhlil edək. Futbolçuların hamısı ilə fərdi söhbət etmək lazımdı. Əsas məsələ nə üçün bu qədər səhv etməyimizdi. Taktiki və fərdi səhvləri müzakirə etmək istəmirəm. Komanda olaraq səhv edirik. Futbolçular rəqibə qol vurmaq üçün şərait yaradırlar. Nə üçün baş verdiyini deyə bilmərək. Onsuz da hər iki qarşılaşmadan sonra olanlarla bağlı danışmışam. Futbolçular haqda danışmalıyıq. Meydanda çıxış edənlər onlardı. Komanda olaraq təzyiq altında oynamağı bacarmalıyıq. Ötürmə verərkən səhvlərə yol verməməlidilər ki, rəqib bundan istifadə edib, qol vurmasın. Bütün problemləri məşqçi kimi təhlil etsək, görərik ki, oyunçular yaxşı hazırlıq keçə bilmədilər. Bu da onların topla davranışında, bir-biri ilə əlaqəsində problem yaradır. Əsas problem məhz budu.

- U-21-də çıxış edən futbolçuların, demək olar ki, hamısı premyer-liqada çıxış edən klubların üzvləridi, müntəzəm meydana çıxırlar. Niyə nəticə qazana bilmirlər?
- Futbolçularımızın 95 faizi premyer-liqada çıxış edən klubların üzvləridi. Nə üçün nəticə əldə etmirik? Ritorik sualdı. Mən bir yox, bir neçə səbəb deyə bilərəm. Ancaq Bakıda toplanışda olmuşuq. Koronavirus səbəbindən daha keyfiyyətli futbolçularla əlaqə qura bilmədik. Düzdü, indiki heyətdəki oyunçular gənc və yaxşıdılar. Problemi təkcə legioner həyatı yaşayan futbolçuların gəlməməsi ilə əlaqələndirmək istəmirəm. Məsələ yaxşı futbolçu olmaqdadı. Bizim uşaqlar ancaq öz çempionatlarında oynayırlar. Bakıda da yaxşı hazırlıq keçmək olmur. Çünki yoldaşlıq oyunu keçirə bilmirik. Bunun da səbəbi koronavirusdu. Özünüz də görürsüz, klublar yaxşı legionerlər transfer edə bilmirlər. Bu da özünü avrokuboklarda göstərdi. Hamı nəyin baş verdiyini görür və bilir. Düzgün istiqamətdə baxsaq, problemi görə bilərik. Güclü çempionatımız olsa, burda yaxşı futbolçular çıxış etsə, gənclərin inkişafı sürətlənəcək. Serbiyada da eyni problem yaşanır. Koronavirus bizə çox mane olur. Bunun da səbəblərini yuxarıda dedim.

- İki oyunda qapı istiqamətinə cəmi 4 zərbə vurmuşuq. Bu problemi necə həll edəcəksiz?
- Bəli, qapı istiqamətində zərbələrimiz azdı. Səbəbi də bəllidi. Qarşımızdakı rəqib Xorvatiya ilə Avstriya idi. Onların çox güclü futbolçuları var. Əlbəttə, mən də sevinərəm ki, futbolçularımın qapıya vurduğu zərbələrdən iki-üçü qol olsun. Bunun üçün də keyfiyyət lazımdı. Mənim də istədiyim budu. Amma bu problemin həlli istiqamətində çalışıram. Martda 4 yoldaşlıq oyunu keçirdik. Bakıdakı qarşılaşmalarda fərqlənə bilirdik. Sonra Ukraynaya qalib gəldik. Həmin görüşlərə baxıb, indikilərlə müqayisə etsək, görərik ki, sistem və futbolçuların bir çoxu dəyişib. Bu problemi həll etmək istədiyimi rahat görə bilərsiz.

- Son qarşılaşmadan sonra dediz ki, oyunçularımdan razı qaldım. Bunu başa düşə bilmirik - 0:6 uduzan komandanın üzvlərindən necə razı qalmaq olar?
- Əsas məsələ futbolçuların şəxsi inkişafına şərait yaratmaqdı. Oyunçulardan nə üçün razı qaldığımı dedim? Çünki onlar Azərbaycanın gələcəyidilər. Məncə, bu sualınızın cavabıdı. Mən onlara güvənirəm. Əllərindən gələn hər şeyi etdiklərini bilirəm.

- U-21-in gələcəyi ilə bağlı nə deyə bilərsiz?
- Mən iki il əvvəl bura gələndə də bu sualı vermişdilər. Lixtenşteynə, Fransaya məğlub olanda da bunu məndən soruşdular. Çox sadə cavabı var. Mən nə istədiyimi bilirəm və öz sistemimə güvənirəm. Futbolçularım son yoldaşlıq görüşlərində və Ukraynaya qarşı oyunda necə komanda olduğumuzu göstərdilər. Hamıya bəllidi ki, bütün oyunlarda eyni cür oynamaq, nəticə əldə etmək olmaz. Mən oyunçularımdan razıyam. Olmasam, özünüz də bunu bilərsiz. Dəfələrlə sizə müsahibə vermişəm. Şikayətçi olduğum məqamları dilə gətirmişəm. Amma indiki komandadan razıyam. Çox yaxşı kollektivik. Uşaqlar bacardıqlarını ortaya qoyurlar. Mənə inanın. İsveçrə, Fransa ilə oyunlarda göstərdik ki, yaxşı oynaya bilirik. İndi də sıfırdan başlasaq da, nəticə qazanacağıq. Komandama və oyunçularıma güvənirəm. ("Futbol plus")