"Biz onlarla fəxr edirik. Nəticələr çox yaxşıdır".

Rekord.az xəbər verir ki, bunu report-a açıqlamasında "Ocaq Sport" klubunun məşqçisi Simarə Cəfərova Azərbaycanın bədii gimnastlarının Gürcüstanın paytaxtı Tbilisidəki "II New Look Cup" beynəlxalq turnirində 11 qızıl, 9 gümüş, 5 bürünc medal qazanması ilə bağlı danışarkən deyib.

Mütəxəssis gərgin məşqlərə baxmayaraq idmançıların yarışda yaxşı nəticə göstərdiyini bildirib: "Yaradılan şəraitə görə, "Ocaq Sport" klubuna, federasiyaya, gənclər və idman naziri Fərid Qayıbova, nazir müavini Mariana Vasilevaya təşəkkür edirik".

Cəfərova Ocaq Kubokunda 12 ölkənin mübarizə aparacağı xatırladıb: "İdmançılarımızdan yüksək nəticələr gözləyirik. Ümid edirik ki, bizi yanıltmayacaqlar. Turnirə tam hazırıq. Hər şeyin gözlədiyimiz kimi olacağına inanırıq".

Qeyd edək ki, Ocaq Kuboku 25 - 27 noyabrda gerçəkləşəcək.