
Oğlum da Ronaldo olacaq
- 22 Apr 2025 09:47
- 46
Bu günlərdə AFFA-nın hesabat konfransı oldu. Məni qınamayın, əsəbimdən tam olaraq hər şeyi dinləyə bilmədim, amma bəzi məqamlar beynimə ilişdi. 2023-cü ildə AFFA bir az zəif işləyirdi, əməkdaşlarına 6 milyon AZN maaş verirdi, sonra daha yaxşı işləməyə başladılar və 2025-ci ildə bu rəqəm 9 milyona çatdı. Nəticə isə göz önündədir...
Dərhal sıçrayış edib, uşaq futbolu və infrastruktur məsələsinə keçim. Premyer liqada klub sayını 12-yə qaldırmaqla bağlı söhbət artıq 3 ildir gedirdi və bu il təsdiqləndi.
Bu 3 ildə nə dəyişdi axı... Bir neçə klub eyni stadionda – Bakı Olimpiya stadionunda məşq edir. Naxçıvandan gələn klub rəsmən olmasa da, de-fakto Mərdəkanı təmsil edir.
Hələ də infrastruktur deyilən şeydən xəbər yoxdur. Tovuza dünya şöhrətli məşqçi gəlir, amma süni örtük məsələsi hələ də yerində qalır. Bakının Bayıldakı komandası da neçə ildir ki, ən üst liqada oynayır, amma stadionu təbii ola bimir.
Burda Fatmagülün suçu nədir, bilmirəm... Amma mən əcnəbi futbolçu olsam, ya Bayıla və ya Tovuza getmərəm, ya da qorxa-qorxa, ehtiyatla oynayaram.... Nəticə, məlumdur.
Müsəlmanın o günündə CBC-də bir verilişi izlədim. Bir neçə klubun mətbuat katibi deyir ki, bəs akademiyaya ildə filan qədər vəsait xərcləyirik. Biri deyir 1 miyon, biri deyir 700-800 min... Gözlərinin ağına qədər yalan deyirlər. Guya biz bilmirik, Azərbaycanda ayda 700-800 manat maaş alan orta statistik vətəndaş öz uşağını futbola qoymaq üçün hər ay ən az 150-200 AZN-indən keçməlidir... Hələ, bunun fomrası, nəqliyyatı, yeməyi var.
Kimi aldadırsınız, bəylər, bilmirəm... Amma bizi aldada bilməzsiniz daha! Yığma göz qabağında. Çempionat göz qabağında. Uşaq futbolu göz qabağında yox, gözümüzün içində. Oğıum futbola getmək istəyir, amma mənim imkanım yoxdur ki, onu futbola qoyum. Qəbul edən kluba aparıb-gətirmək də əlavə puldur.
Məsəlçün deyirəm, bəylər... Məsəlçün. Santoşa və komandasına verdiyiniz milyonlar bu ölkəyə faydalı olacaqsa, mənim oğlum da Kristiano Ronaldo olacaq.
Rüfət Əhmədzadə