Okan Buruk zarafat edir, biz isə yox...
- 22 Avq 2024 17:07
- 1626
Bu gün gündəmi İstanbulun “Qalatasaray” klubunun baş məşqçisi Okan Burukun açıqlamaları zəbt edib. Türkiyəli mütəxəssis UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyununda İsveçrə “Yanq Boyz”una 2:3 hesabı ilə uduzduqları oyundan sonra hakimlikdən şikayətlənib. Sözünə UEFA-nın hakim təyinatından narazılıqla başlayan Buruk sonda azərbaycanlı ədalət təmsilçilərini “Qalatasaray”ın oyununda görmək istədiyini dilə gətirib.
Əvvəlcə türkiyəli mütəxəssisin dediklərini bir daha xatırlayaq: “Oyun çox dayandı. Hakimin sarı vərəqəni yazması belə 1 dəqiqə davam edirdi. Matçı idarə edə bilməyən bir hakim gördüm. İsveçrənin alman kantonundayıq. Rəqibimiz alman dilində danışır və matçı alman hakim idarə edir. Üstəlik, hakim daha əvvəl dünya çempionatında oyunçularımızdan biri ilə problem yaşayıb. Biz də ikinci oyuna azərbaycanlı hakim istəyərik. Türk dilində danışan azərbaycanlı hakim bizim matçı idarə edərsə sevinərik”. Necə deyərlər, sitatın sonu.
Məlum məsələdir ki, Okan Buruk bu açıqlamasıyla UEFA-nı şantaj etməklə yanaşı diqqətləri “sarı-qırmızılar”ın zəif oyunundan yayındırmağa çalışır. Belə üsullar bir çox məşqçilərin sevimli çıxış yoludur. Min cür bəhanə gətirirlər ki, klub rəhbərliyinin tənələrindən, azarkeşlərin qınağından qurtulsunlar. Hamı düşünsün ki, onların komandası qalib gələcəkdi, amma hakim imkan vermədi. Azərbaycanda da bu cür bəhanə dolu açıqlamalara tez-tez rast gəlirik. Hamımız gördük ki, hakim “Qalatasaray”ın əleyhinə olan nəticəyə təsir edəcək səhv yol vermədi. “Beşiktaş”a böyük hesabla yenilən “cim-bom” o zamandan bəri özünə gələ bilmir, həmin məğlubiyyətin şokunu üzərindən atmayıb. “Yanq Boyz”la oyun da bu çöküşün və psixoloji böhranın növbəti mərhələsi idi. Okan Burukun hakimliyi xatırlatması isə ucuz bəhanədən başqa bir şey deyil.
Buruk açıqlamasında azərbaycanlı hakimlərin adını onları çox sevdiyindən, onların ədalətinə inandığından çəkmir, UEFA-nı “iynələyir”. Söhbətə yumor, satira qatırlar ki, UEFA “Qalatasaray”ın cavab oyununa loyal hakim göndərsin, Okan Burukun çalışdırdığı komanda mövsüm başlar-başlamaz ikinci şoku yaşamasın. Buruk acı zarafat edib, sonunda da azərbaycanlı hakimlərin adını çəkib. Bizim hakimlər bundan feyziyab olmasın. Əksinə, bu zarafatdan nəticə çıxarmaq, toparlanmaq lazımdır. Zarafata baş qoşmağa, ondan həzz almağa zaman yoxdur. Əcnəbi komitə sədrləri bir-birini əvəzləyir. Gah Avstriyadan sədr gətirdik, gah Türkiyədən. İndi də belçikalını yoxlayırıq. Amma hakimliyimizin geriləyir. Elə bunun nəticəsidir ki, bu səviyyəli oyunlardan bizim hakimlər iştirak etmir, onlara yüksək səiyyədə etimad göstərmirlər.
Əliyar Ağayev UEFA-dan gözlədiyimiz qədər etimad almadı, onun davamçısı isə ümumiyyətlə yoxdur. Gün o gün olsun ki, azərbaycanlı hakimlərə UEFA-da yüksək etimad göstərilsin, Çempionlar Liqasının pley-off və qrup mərhələsində nüfuzlu komandaların oyununda bizimkilər söz sahibi olsunlar, ədalətli idarəçiliklə hamıdan alqış alsınlar. Onda Okan Buruk kimilərin acı zarafatına da ehtiyac qalmayacaq.