“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Olimpiakos”una qarşı keçirdikləri cavab oyununu şərh edib.

Rekord.az xəbər verir ki, Azərbaycan çempionunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Əfsuslar olsun ki, turnirdən kənarda qaldıq. “Olimpiakos”la oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Əsas odur ki, ruhumuzu ortaya qoya bildik. Buradan üzüqara çıxmırıq. Hər iki görüşdə xarakterimizi ortaya qoya bildik. Uşaqlara təşəkkürümü bildirirəm. Belə oynamaq cəsarət tələb edir.

Futbolçular bu cür matçlarda böyüyür. Kim ruhla oynamayacaq, “mandraj”da olacaqsa, həyatı da belə keçəcək. Oyundan əvvəl hansı futbolçunun belə oynayacağını kimsə bilirsə, onun yanında öyrənə bilərik. İlk matçda Ömər Buludovun oynamamasının səbəbini soruşanlar bu gün onun niyə meydana çıxdığını sual verirlər. Futbolçu əvəzlənməsini istədi, biz də dəyişdik. Mənim tanıdığım Ömər bizə yalan deməz. Hər bir oyun gənclər üçün təcrübədir.

Hücumçu olmayanda bəzi dəyişikliklər etməlisən. Ən azı bu ruhda oynamalıyıq. Tapança-tüfənglə tankın qabağına çıxmaq çətindir. Bir-iki dəfə olar, üçüncüdə mütləq axsayırsan. Hara kimi gedəcəyik, bunu zaman göstərəcək. Heyətimiz güclənməlidir. Bu, nə vaxt baş verəcək, dəqiq deyə bilmirəm. Ən azı bugünkü ruhla oynamalıyıq ki, azarkeşlərimiz bizə inansınlar. Onların inamını itirmək istəmirik".