Olimpiya Güləş Mərkəzində çimərlik güləşi üzrə zal yaradıldı
- 08 Sen 2020 22:10
- 782
Bu gün yeniyetmələr, gənclər və böyüklərdən ibarət qadın güləşçilərimiz çimərlik güləşi üzrə məşqlərə start verib.
Rekord.az xəbər verir ki, güləşin bu növü üzrə məşqlərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulub.
Çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani hazırlıq prosesində qadın güləşçiləri qaydalarla tanış edib. Daha sonra müxtəlif çəkilər üzrə sınaq xarakterli görüşlər keçirilib. Qarşılaşmalar maraqlı və gərgin mübarizə şəraitində keçib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Güləş Federasiyası çimərlik güləşinin inkişafı üçün müxtəlif addımlar atır. Bunlardan biri də payız, qış və yaz aylarında məşq edə bilmək üçün qapalı məkanın istifadəyə verilməsidir. Artıq Olimpiya Güləş Mərkəzinin ərazisində çimərlik güləşi üzrə zal tam hazır vəziyyətə gətirilib. Dünya Güləş Birliyinin tətbiq etdiyi standartlara uyğun olaraq hazırlanan və yüksək keyfiyyətli qumla təchiz olunmuş çimərlik güləşi zalı karantin başa çatdıqdan sonra güləşçilərin ixtiyarına veriləcək.