Olimpiya idman növləri üzrə federasiyalarla növbəti görüş
- 07 Apr 2023 13:30
- 344
Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbovun Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 8-ci görüşü keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan tədbirdə nazir son iki ay ərzində qazanılmış idman uğurları münasibətilə federasiyaları təbrik edib və yeni uğurlar arzulayıb.
İclasın gündəliyə əsasən, "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş idman həftəsi ilə bağlı məlumat verilib. Sonra idman yarışlarının ölkə telekanallarında yayımı, Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri, III Avropa Oyunlarına hazırlıq, Tələbələrin Ümumdünya Yay Universiadasına hazırlıq, II MDB Oyunları, “İdmançılarımızı tanıyaq layihəsi”, İdman federasiyalarının sosial media hesabları monitorinqinin nəticələri, 2023-cü il üçün tibbi təminat, ölkə miqyaslı yarışların təşkili və digər məsələlər müzakirə olunub, federasiyaların fikir və təklifləri dinlənilib.
Tədbirdə həmçinin, beynəlxalq yarışlara hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Fərid Qayıbov nazirliyin idmanın inkişafına və eləcə də əhalinin sağlamlığı və kütləviliyə xidmət edən istənilən məsələdə federasiyalarla əməkdaşlığa hazır olduğunu bildirib.
Görüşdə nazir müavini Mariana Vasileva və nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak ediblər.