Ölkə birinciliyində növbəti oyunlar keçirilib
- 02 Mar 2022 10:31
- 542
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Super Liqanın VIII turundan təxirə salınan bu iki qarşılaşma ilə həm də III dövrə başa çatıb.
Günün ilk matçında “Azərreyl”lə “Abşeron” üz-üzə gəlib. Oyun Eldar Yusubovun komandasının üstünlüyü ilə başlayıb. “Abşeron” ilk hissəni 25:16 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən komanda 3 xalı 3 setlə qazanıb - 3:0 (25:16, 25:21, 25:16).
Növbəti görüşdə "UNEC" və “Murov” münasibətlərinə aydınlıq gətiribər. Bu matçın qalibi tay-brekdə bəlli olub. Birinci hissədə rəqibinə 21:25 hesabı ilə məğlub olan Vüqar Əliyevin komandası növbəti 2 setdə 25:16, 25:16 qalib gəlib. Dördüncü hissəni UNEC komandası 28:26 hesabı ilə qazanaraq ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:11 hesabı ilə qalib gələn “Murov” görüşün hesabını müəyyənləşdirib - 3:2.
3 dövrədən sonra “Abşeron” 27 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Azərreyl” 14 xalla ikinci pillədə qərarlaşıb. 8 xala malik “Murov” üçüncü, 5 xal toplayan UNEC dördüncü yerdədir.
Qeyd edək ki, Super Liqanın qalibi 4 dövrənin yekununa əsasən müəyyənləşəcək.