Yeni mövsümü avqustun 14-də start götürən Azərbaycan premyer-liqası 2-ci turun oyunlarından sonra üçhəftəlik fasiləyə yollandı.

Səbəb yığmanın DÇ-2022-nin seçmə mərhələsində iştirak etməsidi. Bununla belə, digər Avropa ölkələrində həftəsonu çempionat oyunları baş tutacaq və futbolçular daha sonra millilərinin düşərgəsinə yollanacaqlar. Göründüyü kimi, premyer-liqada fasilənin müddəti çox uzundu.

Azərbaycanda fasilə müddətinin başqa ölkələrlə müqayisədə çox olması nə qədər doğrudu? Futbolçuların 20 gündən artıq düşərgədən uzaq qalması komandalarının oyununa necə təsir göstərəcək? Suallarımıza cavab tapmaq üçün premyer-liqada çıxış edən komandaların baş məşqçiləri ilə danışdıq.

Ayxan Abbasov (Sumqayıt): “İlk dəfə deyil ki. Bu hal Azərbaycanda hər dəfə yaşanır. Demək olar ki, Berti Foqtsun dönəmindən bəri yığmanın seçmə mərhələdə iştirakına görə daxili çemiponat bu qədər fasiləyə gedir. Ondan sonra gələn məşqçilər də bu yoldan istifadə edirlər. Canni de Byazi də bunu tələb edib. Yığmamızın daha yaxşı məşq keçməsi üçün əlavə 1 həftə istənilir. Artıq klublarımız da fasilənin bu qədər olmasına öyrəşiblər. Çünki yığmanın uğuru bizim də uğurumuzdu. Bunun üçün hər birimiz əlimizdən gələn dəstəyi göstərməliyik. Əlbəttə, 3 həftə klublar üçün uzun fasilədi. Yeni mövsümün startından 2 tur sonra fasilə yaranması hardasa oyunlarımıza mənfi təsir göstərə bilər. Bunun yaşanmaması üçün də yoldaşlıq görüşləri hesabına balansı qorumağa çalışacağıq. “Sumqayıt” kimi, başqa klubların da futbolçuları fasilə səbəbindən yoxlama oyunlarında iştirak edə bilməyəcəklər. Yenə də əlimizdən gələni edəcəyik ki, bu amil komandaya mənfi təsir göstərməsin. Dediyim kimi, bu problemlə ilk dəfə üzləşmirik. Mən də istərdim ki, başqa ölkələrdəki kimi bu həftə çempionat oyunları keçirilsin. Daha sonra futbolçular millinin düşərgəsinə qoşulsunlar. Çünki futbolçular nə qədər çox oyun keçirərsə, bir o qədər çox formada olurlar. Amma burda bizim yox, milli komandanın məşqçisinin fikri önəm daşıyır. Yəqin hazırlaşmaq üçün daha çox vaxt istəyib və ona da bu şəraiti yaradıblar. Elə olur ki, fasilə klublara müsbət təsir edir. Bəzən isə mənfi təsiri olur. Hər bir komandanın baş məşqçisi istəyir ki, daha çox futbolçusu yığmada yer alsın. Bizim də vəzifəmiz budu. Bu yöndə kiminsə etiraz etməsi doğru deyil”.

Aftandil Hacıyev (Səbail): “Neftçi” və “Qarabağ”ın avrokuboklarda iştirakına görə qalan 6 klubun futbolçuları yığmanın düşərgəsinə çağrılıb. Düşünürəm ki, bu səbəbdən AFFA bu qərarı verməyə vadar olub. Əsasən də “Neftçi” və “Qarabağ”ın oyunçularına böyük güc düşəcəkdi. Avrokubokda iştirak edib sonra çempionat oyununda çıxış edəcəkdilər. Daha sonra da millilərin düşərgələrinə yollanmalı olacaqdılar. Başqa ölkələrdə çempionat keçirilsə də, bizdə olmamasının səbəbi budu. Düşünürəm ki, bu qərar sırf iki klubumuzun Konfrans Liqasının pley-off mərhələsində oynaması ilə bağlıdı. 3 həftəlik fasilə bəzi klublara xeyirli ola bilər. Amma bu, avrokuboklarda iştirak etməyənlərə bir qədər çətinlik törədəcək”.

Elmar Baxşıyev (Qəbələ): “Klub olaraq bu qərarı dəstəkləyirik. Milli komandanı da düşünmək lazımdı. Ona görə də üçhəftəlik fasiləni normal qarşılayırıq. Klub səviyyəsində inkişaf olmalıdı. Çempionatımızı başqa ölkələrinki ilə müqayisə etməyək. Sizin hansı ölkələri nəzərdə tutduğunuzu bilirəm. Ordakı futbolçuların hazırlıq səviyyəsi ilə burdakıların səviyyəsi eyni deyil. Ona görə də heç deyilməməlidi ki, başqa ölkələrdə oyunçular 3 gündən bir oyuna çıxa bilirlər, bizimkilər yox. 8 komandanın hamısı fasiləyə yollanır. Bunu normal qarşılamalıyıq. Hansısa klubun üstünlüyü yoxdu, hamı eyni vəziyyətdədi. Düşünmürəm ki, bu fasilənin mənfi təsiri olsun. Əksinə, komandalar komplektləşməyə daha çox vaxt ayıracaqlar. 2 tur ərzində göstərdikləri oyunu daha yaxşı səviyyəyə gətirmək üçün bir fürsətdi. Öz üzərimizdə işləyə bilərik”.

Sənan Qurbanov (Keşlə): “Məşq toplanışının keçirilməsi yığmamız üçün önəm daşıyır. Baş məşqçi də yığmada çox oyun keçirməyib. Ona görə də hazırlıq da vacibdi. Çünki yığma DÇ-2022-nin seçmə mərhələsində mühüm qarşılaşmalara çıxacaq. İstənilən halda, ölkə çempionatı yeni start götürmüşdü. İnanmıram ki, 3 həftəlik fasilə komandalara mənfi təsir göstərsin. Fasilənin millimizə daha çox xeyir verməsinin tərəfdarıyıq. Bunu da zaman göstərəcək. Mənə elə gəlir ki, planlı şəkildə olan bir şeydi. Yəqin De Byazi bununla bağlı fikirləşib. Fasilə çox görünə bilər. Amma milli komanda üçün planlanşdırılan bir şeydi. Klublar üçün də faydasının olacağını düşünürəm. Çünki 2 tur keçirildi və hər kəs hansı cəhətdə zəif olduğunu gördü. Bu nüansların üzərində işləmək üçün fasilə böyük fürsətdi. Elə “Keşlə” üçün də əlverişlidi. Bizdə digər ölkələrdən fərqli fasilə müddəti çoxdu. Bunun səbəbi odu ki, həmin ölkələrin milliləri daha çox oturuşmuş heyətə sahibdilər. Fasilə yeni transferlərin komandalara uyğunlaşmasına da şərait yaradacaq. Elə öz heyətimizdə bu problem var. Digər klublarda da vəziyyət belədi. Bəzi oyunçuların uyğunlaşması bir az artıq vaxt tələb edir. Çempionat uzun marafondu. Biz hələ yolun başındayıq. Qarşıda səhv etmək istəmədiyimizə görə bu fasiləni yaxşı dəyərləndirməliyik. Bu arada hazırlıq görüşləri keçirəcəyik. İlk oyunda avqustun 29-da “Sumqayıt”la qarşılaşacağıq. Növbəti görüşü isə sentyabrın 4-də oynamağı planlaşdırırıq. Amma rəqibin adına hələ aydınlıq gəlməyib. Danışıqlar aparırıq”.

Ramin Quliyev (Sabah): “Bəli, bizdə milli komandanın oyunlarıyla bağlı fasilə başqa ölkələrə nisbətən daha uzun olur. Əlbəttə, bu fasilənin müəyyən mənfi tərəfləri var, xüsusilə heyətinin bir neçə üzvü milliyə dəvət alan komandalar üçün. Bizdən də yığmalara çağrılanlar var. 4 futbolçumuz əsas millinin yoxlama xarakterli məşqlərinə, 6 oyunçumuz isə 21 yaşadək futbolçulardan ibarət yığmanın təlim-məşq toplanışına dəvət alıb. Heyətin müəyyən müddət bir arada olmamasının mənfi təsirləri olur. Lakin bunun milli komandanın qarşıdakı oyunlara daha yaxşı hazırlaşması üçün olduğunu başa düşür və qarşıdakı oyunlardan müsbət nəticə ilə ayrılmasını arzulayırıq”.

Rəşad Sadıqov (Zirə): “Məncə, böyük fasilələr komandaların və futbolçuların performansına çox təsir göstərir. Burda milli faktoru var. Hər birimiz istəyirik ki, yığmamızın yaxşı oyun sərgiləməsi üçün baş məşqçiyə lazımi şərait yaradılsın. Amma mütləq klublar da nəzərə alınmalıdı. 21 günlük fasilədən sonra görürük ki, futbolçular ritmə düşə bilmirlər. 2 tur oynadıq, fasilə yarandı. Sonra 2 - 3 tur oynayacağıq, yenə fasilə yaranacaq. Daim bu problemlə qarşılaşırıq. Bu məsələdə ortaq məxrəcə gəlinməlidi ki, həm klublar, həm də milli üçün problem olmasın. Çünki futbolçular öncə klubda yaxşı performans göstərməlidilər ki, daha sonra yığmada faydalı çıxış etsinlər. Bunu elə proqramlaşdırmaq lazımdı ki, fasilə çox böyük olmasın. Həm də millinin baş məşqçisinin də komandanı mötəbər turnirlərə hazırlamaq üçün lazımi vaxtı olsun. Amma fikrimcə, ölkə çempionatında 21 günlük fasiləyə getmək yaxşı əlamət deyil. Ötən il çox ciddi problemlər yaşadıq. Pandemiya ilə bağlı çempionatın gedişində fasilə yarandı. Daha sonra millinin oyunları ilə bağlı yenə fasilə oldu. Sonra 4 gündən bir oynamağa məcbur olduq. Dediyim kimi, proqram elə qurulsun ki, klublarda da işlər qaydasında getsin”. ("Futbol plus")