Kişi voleybolçular arasında Azərbaycan birinciliyində daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, Yüksək Liqanın növbəti görüşündə “Xilasedici” və Gürcüstan komandası üz-üzə gəlib.

Dərnəgül Voleybol Mərkəzində təşkil olunan matçda Azərbaycan təmsilçisi qalib gəlib. İlk setdə rəqibini 25:16 hesabı ilə məğlub edən “Xilasedici” ikinci hissədə 25:19 hesabı ilə üstün olub. Üçüncü set isə daha gərgin alınıb. Mövsümdə ilk dəfə 32:30 hesabının qeydə alındığı hissədə “Xilasedici” qələbə qazanıb – 3:0.

Beləliklə, digər komandalardan 1 oyun artıq keçirən “Xilasedici” (7 oyun) aktivindəki xalı 18-ə çatdırıb və yenidən birinci pilləyə yüksəlib. Gürcülər isə ikinci matçında yenə məğlub olublar.