Qadın voleybolçular arasında Azərbaycan çempionatında 15-ci turun oyunu keçirilib. "Rekord.az" xəbər verir ki, GİN-nin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma UNEC və “Milli Aviasiya Akademiyası” komandaları arasında olub.
Oyunun əvvəlindən üstünlüyə yiyələnən qonaq komanda meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları sabah baş tutacaq. Bakıda GİN-nin Voleybol Mərkəzində saat 15:00-da başlanacaq matçda “AZERRAIL” - “Abşeron”, Gəncə şəhərində Gəncə OİK-də saat 17:00-da start götürəcək oyunda isə “Gəncə” və “Murov Az Terminal” kollektivləri üz-üzə gələcəklər.
Hazırda turnir cədvəlinə “AZERRAIL” 36 xalla (12 qələbə) liderlik edir. “Murov Az Terminal” 32 xalla (11 qələbə) 2-ci, “Abşeron” 30 xalla (10 qələbə) 3-cü, “Gəncə” 18 xalla (6 qələbə) 4-cü, “Milli Aviasiya Akademiyası” 13 xalla (4 qələbə) 5-ci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.

27 fevral 
Yüksək Liqa
XV tur
   UNEC - “Milli Aviasiya Akademiyası” 0:3 (15:25, 12:25, 12:25)