Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlanıb. "Rekord.az" xəbər verir ki, yanvarın 12-də kişi voleybolçular meydana çıxacaqlar.

Yüksək Liqada II tur çərçivəsində iki görüş baş tutacaq. İlk olaraq "Neftçi" və "Xarı bülbül" kollektivləri üz-üzə gələcəklər. Bu matçın start fiti saat 16:00-da çalınacaq. Saat 18:00-da başlanacaq günün ikinci görüşündə isə "MOİK" və "Murov" münasibətlərinə aydınlıq gətirəcəklər. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Yanvarın 13-də isə qadın voleybolçuların birinciliyində iki oyun baş tutacaq. Yüksək Liqanın II turu çərçivəsində ilk olaraq "Azərreyl" - "Abşeron" dueli keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq həmin qarşılaşmaya saat 16:00-da start veriləcək. Bu görüşdən 2 saat sonra isə "Murov" eyni məkanda "UNEC"i sınağa çəkəcək.

Xatırladaq ki, kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ilk turdan sonra aktivinə 3 xal yazdırmış “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Neftçi” və MOİK-in isə hələ ki, xalı yoxdur.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında isə I turdan sonra hərəyə 3 xal qazanmış “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerlərdə qərarlaşıblar. “Abşeron” və UNEC isə turu xalsız başa vurub.