Ölkə çempionatında yarımfinalçılar bəlli oldu
- 08 Apr 2024 20:59
- 266
Kişi voleybolçuların Azərbaycan çempionatının (Yüksək Liqa) ilkin mərhələsi başa çatıb.
"Rekord.az" xəbər verir ki, bu gün son tur çərçivəsində iki qarşılaşma keçirilib. “Murov Az Terminal” vk-nın idman zalında təşkil olunan “Neftçi” və MOİK görüşündə birincilər 3:0 hesablı qələbə qazanıblar.
GİN-nin Voleybol Mərkəzində baş tutan oyunda isə “Murov Az Terminal” və “AZERRAIL” kollektivləri üz-üzə gəliblər. Turnir cədvəlində birinci yerin sahibini müəyyən edən qarşılaşma gərginliyi ilə yadda qalıb. Bu matç “AZERRAIL”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da ilkin mərhələni lider kimi başa vuran “AZERRAIL”, ikinci olan “Murov Az Terminal” və üçüncü pillədəki “Neftçi” klubları pley-offa yüksəliblər. Pley-off mərhələsinə növbəti vəsiqəni qazanan dördüncü komanda isə MOİK olub. Belə ki, çempionatdakı oyunlarının dekabr ayından təxirə salınması ilə bağlı müraciət edən “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları bu günə kimi AVF-yə rəsmi olaraq fəaliyyətlərinin dayandırılmasına dair heç bir məlumat verməyiblər. Bu səbəbdən həmin komandaların çempionatdakı bütün qarşılaşmalarında rəqiblərinə texniki qələbə verilib.
Beləliklə, altı dövrənin nəticələrinə görə, yarımfinalda ilkin mərhələnin birincisi olan “AZERRAIL” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Murov Az Terminal” isə üçüncü yeri tutan “Neftçi” ilə qarşılaşacaq. Bu mərhələ iki qələbəyədək davam edəcək. İki oyundan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (setlər də bərabər olarsa), finala vəsiqənin sahibi Qızıl setdə müəyyənləşəcək.
Pley-off mərhələsinin oyunlarının keçirilmə yeri və vaxtı haqqında məlumat veriləcək.
8 aprel
“Neftçi” – MOİK 3:0 (25:16, 25:14, 25:15)
“Murov Az Terminal” – “AZERRAIL” 1:3 (25:22, 22:25, 18:25, 16:25)
Yarımfinal
“1” – “4”
“2” – “3”