Ölkə çempionatları başa çatdı
- 23 Apr 2024 23:25
- 299
Voleybol üzrə qadın və kişilər arasında Azərbaycan çempionatına yekun vurulub. "Rekord az" xəbər verir ki, bu gün Bakı İdman Sarayında qadınların final matçı baş tutub. “Abşeron” klubunu 3:1 hesabı ilə məğlub edən “AZERRAIL” ölkə çempionu adını qazanıb.
Final matçından sonra mükafatlandırma mərasimi başlayıb. Çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin prezidenti Şahin Bağırov mükafatçıları təbrik edib, onlara uğurlar arzulayıblar.
Daha sonra çempionatda fərqlənən voleybolçulara “Ən yaxşı oyunçu” mükafatları təqdim olunub. Ardından qaliblərə kubok və medallar verilib. Mükafatları Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti cənab Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, AVF-nin prezidenti Şahin Bağırov, Gürcüstan Voleybol Federasiyasının prezidenti Georgi Kartvelişvili, AVF-nin vitse-prezidentləri Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə heyətinin üzvləri Günay Salamova, Elçin Ağakişiyev, Zaur Axundov, İlqar Nuriyev təqdim ediblər.
Beləliklə, kişi voleybolçuların birinciliyinin çempionu “AZERRAIL” klubuna qızıl medal və kubok, “Murov Az Terminal”a gümüş, “Neftçi”yə isə bürünc medallar təqdim edilib.
Qadınların çempionatının qalibi olan “AZERRAIL” klubuna qızıl medal və kubok, “Abşeron”a gümüş, “Murov Az Terminal”a isə bürünc medallar verilib.
Sonda qaliblərlə xatirə şəkli çəkdirilib və Azərbaycan çempionatının 2023/2024 illər mövsümü bağlı elan olunub.