Ölkə çempionu bəlli oldu
- 18 Apr 2022 10:18
- 544
Qadın voleybolçular arasında Azərbaycan çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan Super Liqanın XII turunun son qarşılaşmaları ilə çempionun adı bəlli olub.
Turun ilk görüşü “Abşeron” və “Murov” komandaları arasında baş tutub. Mövsümün məğlubedilməzi “Abşeron” son matçdan da qalib ayrılıb. Əvvəlki oyunlarında bir xal belə itirməyən Eldar Yusubovun komandası bu matçda da qələbəyə sevinib. “Abşeron” 3:1 (25:21, 25:19, 19:25, 25:19) hesabı ilə “Murov”u məğlub edib və aktivinə daha 3 xal yazdırıb.
Turun və mövsümün son matçı isə “Azərreyl” və "UNEC" komandaları arasında olub. Bu matçda da qalib 4 setdə müəyyənləşib. “Tələbələr”i 3:1 (25:18, 25:16, 16:25, 25:23) hesabı ilə məğlub edən Famil Ağayevin komandası çempionatı qələbə ilə başa vurub.
Beləliklə, qadın voleybolçular arasında Azərbaycan Super Liqasında 2021/2022 mövsümü başa çatıb. 36 xalla “Abşeron” Super Liqanın çempionu tituluna sahib çıxıb. “Azərreyl” 20 xalla gümüş medalın sahibi, “Murov” isə 11 xalla çempionatın bürünc mükafatçısı olub. "UNEC" isə 5 xalla turnir cədvəlini sonuncu yerdə bitirib. Komandaların mükafatlandırma mərasimi I Liqa və Yüksək Liqa yarışlarının qalibləri ilə eyni vaxtda olacaq.
Qeyd edək ki, Super Liqada 4 klub - “Azərreyl”, “Abşeron”, “Murov” və "UNEC" iştirak edib. Komandalar 4 dövrədə mübarizə aparıb, ən çox xal toplayan komanda çempionatın qalibi olub.