Ölkə çempionu kuboka məğlubiyyətlə başladı
- 26 Okt 2024 08:49
- 224
Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan ölkə kuboku başlayıb. "Rekord.az" xəbər verir ki, yarışa qadın komandalarının mübarizəsi ilə start verilib. Xaçmazda və Gəncədə təşkil olunan kubokun ilk günü gərgin və maraqlı oyunlarla yadda qalıb.
Xaçmaz OİK-də B qrupunda mübarizə aparan “Abşeron” və “Murov Az Terminal”, Gəncə İdman Sarayında isə A qrupunda çıxış edən “Gəncə” və ”AZERRAIL” komandaları üz-üzə gəliblər.
Kubokun Xaçmazda baş tutan ilk qarşılaşması gərgin mübarizədə keçib. “Murov Az Terminal” klubunun ciddi müqavimətinə baxmayaraq, Famil Ağayevin yetirmələri bu oyundan 3:0 hesabı ilə qalib ayrılıblar.
Gəncədə baş tutan yerli komanda ilə son ölkə çempionu “AZERRAIL”in görüşündə də 3 set qeydə alınıb. İlk hissədən təşəbbüsü ələ alan “Gəncə” 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, qadın voleybolçuların ölkə kubokunda növbəti qarşılaşmalar oktyabrın 28-də Bakıda GİN-nin Voleybol Mərkəzində baş tutacaq. Həmin gün A qrupunda mübarizə aparan “Gəncə” UNEC-lə, B qrupunda yer alan “Abşeron” isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gələcək.
Ölkə kuboku
25 oktyabr
B qrupu
“Abşeron” - “Murov Az Terminal” 3:0 (25:23, 26:24, 25:19)
A qrupu
“Gəncə” - “AZERRAIL” 3:0 (25:20, 25:23, 25:18)