
Ölkə çempionu Orxan Fikrətoğlu: "Şamaxılıyam və ora bağlılığım genetikdir" - MÜSAHİBƏ + FOTOLAR
- 2022-07-09 20:00
- 603
Bir neçə gündür sosial şəbəkədə tanınmış teleaparıcı Orxan Fikrətoğlunun "Şamaxı" klubunun idarə heyətində yer aldığı barədə xəbərlər yayılıb. Lakin Orxan bəy ilə söhbət zamanı onun futbola elə də uzaq biri olmadığını öyrəndik. 56 yaşlı ictimai xadim fanat.az-a geniş müsahibəsində futbolla məşğul olduğu illərdən, ölkə futbolunun problemlərindən danışdı. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Əvvəlcə aydınlaşdırmaq istərdik ki, sizi Şamaxıya nə bağlayır? Çünki Bakıda anadan olduğunuzu bilirik.
- Bəli, mən 21 mart 1966-cı ildə Bakı şəhərində anadan olmuşam. Amma əslən Şamaxılıyam. Rayonun Sarıtorpaq məhəlləsindənik. Atam Fikrət Sadıq Şamaxıda dünyaya göz açıb. Bilməyənlər üçün deyim ki, "Şamaxı, ay Şamaxı" mahnısının sözləri atama məxsusdur. Bizim Şamaxı toylarında adətən "əmimin mahnısını çal" deyirlər, yəni Fikrət Sadıqın mahnısını... Ümumiyyətlə, biz ailə olaraq Şamaxıya çox bağlı olmuşuq. Qan bağlılığımız var. Oranın poetik mühiti hər zaman bizim evimizdə olub. Qohumlarım hazırda Şamaxıda yaşayır. Nəslimizin bir qolu da Çarhan kəndindəndir. Sabirabad rayonunun Qalağayın inzibati ərazisində şamaxılılar yaşayır. Orada da qohumlarımız var. Hətta sizə maraqlı bir fakt söyləyim: Suriyada və İraqda belə, Şamaxıdan köçmüş qohumlarım yaşayır. Sualınıza qısaca cavabım belədir ki, mən Şamaxılıyam və ora bağlılığım genetikdir.
- Azərbaycanlı yazıçı, ssenarist, rejissor, jurnalist, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun "Şamaxı" Futbol Klubunun İdarə Heyətində də yer alacağı bildirilir. Yaradıcılıqla bağlı işlərinizdə özünüzü təsdiqləmiş bir insansınız. Futbolda necə, sizi təsadüfi şəxs hesab etmək olar?
- Fikrimcə, mən futbolda təsadüfi adam deyiləm. Əvvəla ondan başlayaq ki, mən "Şamaxı" Futbol Klubunun İdarə Heyətinin üzvü ola da bilərəm, olmaya da bilərəm. Bu barədə mənə heç kim xəbər verməyib. Yəni rəsmi bir məlumat yoxdur. Mən də bu haqda elə sizin qədər məlumatlıyam. Sosial şəbəkələrdə bu haqda danışılır. Amma konkret olaraq mənə təklif olmayıb. Sadəcə olaraq bu haqda danışılır.
Amma yenə də qeyd edim ki, futbolda təsadüfi adam deyiləm. Elə futbol da məndə təsadüfi deyil. Çünki mən bu oyuna uşaqlıqdan qədəm qoymuşam. 1974-cü ildən idmanın bu növü ilə məşğulam. Həmin dönəmdə xüsusi ixtisaslaşdırılmış futbol sinfi var idi. Rusca buna FŞM deyirdilər. İndi də hamı bu adla tanıyır. Elə mən də həmin xüsusi ixtisaslaşdırılmış futbol sinfində oxumuşam. Mənimlə birlikdə bu sinifdə tanınmış futbolçular yer alıb. Həmin komandanın kapitanı idim. Bakı və Respublika üzrə gənclər arasında çempion olmuşuq.
Həmin vaxt SSRİ-nin tanınmış "Sevinc" kuboku keçirilirdi. Bu yarışda hər zaman gərgin mübarizə gedirdi. Rəqabət böyük idi. O kubokun sahibi olmuşam.
Gənclər və yeniyetmələr arasında Azərbaycan yığmasında oynamışam. Yəni futbol mənim üçün yeni bir sahə deyil. Uzun illər futbolun içində olmuşam. 10-cu sinifdə məktəbi bitirib Rusiyanın paytaxtına yollananda "Dinamo Moskva"nın gənclərdən ibarət komandasında təcrübədən keçib orada da oynamışam. Sonra futbolla vidalaşmalı oldum. Bu da səbəbsiz deyildi. Ağır zədə ucbatından məcburi şəkildə futbolçu kimi fəaliyyətimi dayandırmalı oldum. İki hadisə başıma gəldi, əvvəlcə appendisitim partladı, daha sonra isə bıçaqlandım. Yəni fiziki durumum futbolu uzun müddət davam etdirməyə imkan vermədi. Özüm çox oynamaq istəyirdim, heyif ki, sadaladığım səbəblərə görə peşəkar futbolçu olaraq davam edə bilmədim. Amma həvəskar olaraq günü bu gün də futbol oynayıram. 4-cü sinifdən təməli qoyulmuş rejimim var: hər səhər bir saat qaçıb isinmə hərəkətləri edirəm. Futbolda təsadüfi adam deyiləm. Amma onu da deyim ki, bu gün ölkə futbolunda belə adamlar çoxdur. Onlarla müqayisədə mən futbola, yaşıl meydançaya və topa daha doğma, daha bağlı adamam.
Ancaq onu da qeyd edim ki, hər hansısa klubun idarə heyətinin üzvü peşəkar futbolçu olmaya bilər. Bu, mütləq deyil. Həmin heyətin üzvləri yerli futbolu sağlam düşüncə ilə analiz etməyi bacaran insanlar olmalıdır. Ölkə futbolunu və xüsusilə də, üzv olduğu klubu irəli aparmaq üçün düzgün qərar verən adamlar olmalıdır. Keçmiş peşəkar futbolçu olmaq şərt deyil. Dünya təcrübəsinə də belə deyil. Hətta tanınmış xarici klublara nəzər yetirsək, özünü futboldan tamailə uzaq bir sahədə sınaqdan keçirmiş insanlara rast gələrik. Elə ölkəmizdə də. Məsələn, tanınmış yazıçı Çingiz Abdullayev uzun illərdir "Neftçi"nin Müşahidə Şurasının sədridir. Burada pis nə ola bilər ki? Əksinə, bizim kimi adamlar kluba vəsait, maraq cəlb edə bilər, sevgi qazandıra bilərlər. Məsələn, mənim ədəbiyyatda 50-100 min arası oxucum ola bilər. Həmin oxucular mənim hansısa idman klubunda işlədiyimi bilib həmin kluba maraq göstərib azarkeşinə çevrilə bilər. Verilişlərimi, filmlərimi, özümü sevən insanlar mənim fəaliyyət göstərdiyim digər sahələrlə də maraqlanırlar. Nəhayət, mən Bakı ilə Şamaxını birləşdirə bilərəm. Həm paytaxtımızda, həm də Şamaxıda məni tanıyıb sevirlər. Mənim anam tərəf Bakılıdır. Odur ki, belə bir simbioz ancaq yaxşılığa doğru atılan addım ola bilər. Sonda bir daha qeyd edim ki, "Şamaxı" futbol klubundan mənə bu barədə rəsmi təklif gəlməyib. Hələlik danışıqlar mərhələsindəyik.
- Ailənizdə, yaxınlarınız arasında idmanla məşğul olanlar varmı?
- Bəli, var. Rəhmətlik qardaşım karate üzrə 6 qat Respublika çempionu olub. Çox güclü idmançı idi. Birinci Qarabağ döyüşlərində iştirak etmişdi... Rəhmətə getdi. Digər qardaşım isə idmanla məşğul deyil. Bacım da var. Konservativ ailəyik, qadınlar idmana həvəs göstərməyib.
- Şamaxı elm adamları, yazıçılar, şairlər, aşıqlar, musiqiçilər diyarıdır. Adını dəyişib bu diyara köçən "Şamaxı" özünü "ögey övlad" kimi hiss etməyəcək ki? Şirvan bölgəsində futbola, idmana maraq necədir?
- Şamaxı haqda belə fikirdə olduğunuz üçün təşəkkür edirəm. Təbii ki, bu diyar Xaqanidən üzü bu yana Azərbaycan ədəbiyyatını, mənəviyyatını, poeziyasını müəyyən edən bölgədir. Bildiyiniz kimi, qrammatikamız da Şamaxı dilinin üstündə qurulub. Bununla belə, Şamaxı həm də güləşçilər diyarıdır. Məsələn, əmimoğlu Şamaxıda tanınmış güləşçi idi. Sonradan polis işləməyə başladı. Əmimin nəvəsi Oqtay Qəmbərov həm əlbəyaxa döyüş, həm də güləş üzrə respublikada tanınır. Amma həmin regionda futbola olan maraq mənim özümü təccübləndirir. Bizim dostumuz, vaxtilə İspaniyanın "Real Betis" kimi populyar və tarixi klubunda forma geyinmiş Vəli Qasımov yeniyetmələr və gənc futbolçularla məşğul olur. Onun da Şamaxıdakı futbolçuların yetişməsində və idmana həvəslə yanaşmasında böyük rolu var. Azərbaycanda Qasımov kimi futbolçuların olması nadir haldır. Onun fiziki göstəriciləri də bizim ölkəyə xas deyil. Düşünürəm ki, özü kimi fiziki cəhətdən davamlı və möhkəm futbolçuların yetişməsində böyük rolu olacaq. Şamaxıda həqiqətən də futbola böyük maraq var. Şamaxılılar uduzmağı sevmir. Ötən mövsüm onların "Şamaxı"nın "Qarabağ"a 0:8 hesabı ilə məğlub olması mənim özümə çox pis təsir etdi. Şamaxılı kimi sizə deyim ki, o bölgədə vətənə bağlılıq çox güclü olur. Kluba bu adın verilməsini isə düşünürəm ki, doğru addımdır. Ən əsası Şamaxıda klubu irəli aparacaq, onun daha da çox inkişaf etməsində mühim rolu olacaq məmurlar var. Şamaxınını icra başçısı və ya digər dövlət strukturlarının rəhbərləri hamısı bu komandanın inkişafında maraqlıdır. Mən bunu adi söz olaraq demirəm. Bunu əməl olaraq görürəm. Əminəm ki, "Şamaxı" klubu gələcəkdə layiqli yerini tutacaq. Sualınıza cavab olaraq deyim ki, Şamaxıda futbola maraq var.
- Ümumiyyətlə, Azərbaycan futbolunun hazırki durumunu necə qiymətləndirirsiniz?
- Ölkə futbolunun bugünkü durumu hamıya bəllidir. Əsas olan bunu necə düzəltmək məsələsidir. Vəli Qasımovu bir daha qeyd etmək istəyirəm. Onun Şamaxıdakı gənc və yeniyetmə futbolçulara göstərdiyi münasibətə baxaq. Siz bayaq soruşdunuz ki, Şamaxı kimi ruhani və ədəbi bir yerdə futbola munasibət necədir? Fərq etməz hansı bölgədəyik. Uşaq futbolunun düzgün inkişafına istənilən regionumuzda xüsusi diqqət olmalıdır. Milli futbol xarakteri yaradılmalıdır. Daha çox fiziki göstəricilərimizin artması üzərində çalışmalıyıq. Azərbaycan futbolunda reformalar aparmaq zamanıdır. Bu, futboldan kənar iş adamlarının cəlb olunması ilə başlaya bilər. Komandaları maliyyələşdirən insanlara vergilər də daxil bəzi imtiyazlar tədbiq olunmalıdır. Futbol mənəvi dəyər olmaqdan savayı "idman və biznes" taxçalarında da düşünülməlidir. Bütün dünyada və xüsusilə də Avropada olduğu kimi idmanda biznesin ifratı ilə də razı deyiləm. Çünki bu artıq idman deyil, tam olaraq biznesə çevrilə bilər. Bu zaman artıq azarkeşin marağına yox şəxsi mənafeyə xidmət olunur. Ən əsası da biznes və idman arasındakı balansı, tarazlığı idarə etmək lazımdır. Milli dəyərləri aşılayacaq modeldə düşünülməlidir. Mən SSRİ dönəmində az maaşa və ya pulsuz oynayan futbolçular görmüşəm. Anatoli Banişevski kimi insanları görmüşəm. O böyük vətənpərvər idi. Banişevskiyə Rusiyanın ən tanınmış klublarından dəvət gəlirdi. Buna baxmayaraq o "Neftçi"də qalmağa üstünlük verirdi. Yəni dediyim odur ki, futbolçunun klubuna, bölgəsinə və ölkəsinə bağlılığı, patriot keyfiyyətləri də olmalıdır. Buna uyğun dünyanın 10-larla tarixi futbolçularından misal gətirmək olar.
Uşaq futbolunu mütləq inkişaf etdirmək lazımdır. Struktur dəyişikliyi də olmalıdır. Ən əsas seleksiya məsələsidir. Bu, düzgün aparılmalıdır. Filankəs kiminsə oğludur, kiminsə qardaşıdır, tapşırıq kimi şeylər olmamalıdır. Belə futbol heç zaman inkişaf edə bilməz. Dinindən, irqindən, dilindən, milli mənsubiyyətindın asılı olmayaraq seçim hər bir sahədə olduğu kimi futbolda da obyektiv olmalıdır. Yalnız güclülər önə çıxmalıdır.
- Millinin uğursuz çıxışı fonunda klublarımızın Avropadakı uğurlu çıxışını nə ilə əlaqələndirirsiniz?
- Millimiz bizim baş bəlamızdır. Futbol üzrə yığma komandamız çox mühim məsələdir. Təəsüf ki, həmin o klubların yetişdirdiyi yerli futbolçular hələ formalaşmayıb deyə milliyə bir bəhrəsi olmur. Hesab edirəm ki, Azərbaycana gətirilən gurultulu əcnəbi adlar ölkə futbolunu düzəldə bilməz. Mənim Berti Foqtsun vaxtında dediyim kimi, Foqts "fokus" çıxarıb Azərbaycan futbolunu dəyişə bilməz. Bacarıqlı 11 oyunçu olmalıdır ki, məşqçi də onları hər hansısa bir sxem üzrə işlədə bilsin. Tutaq ki, məşqçinin gözəl planı, ideyası və ya taktikası var. İcra edən yoxdursa, bu planı necə həyata keçirmək olar? Futbolçuların əvəzinə bunu biz etməyəcəyik ki... Oyunçularımızın yetişməsi mühim məsələdir. Bu da elə klublardan başlayır. Həmin komandaların formalaşdırdığı siyasətdən başlayır. Məsələn, "Qarabağ"... Qurban Qurbanovun komandası Azərbaycanın fəxridir. O klubun "dirijorlar"ı isə yerli futbolçular deyil. Hər bir mövqeyə azərbaycanlı futbolçular yetişməlidir. Bu gün "Neftçi"də, "Qəbələ"də, elə "Şamaxı"nın özündə də keyfiyyətli və dünya səviyyəli futbolçular yetişməlidir. Amma belə oyunçular özü-özünə formalaşmır. Bunun üçün zaman, məkan və sistemli yanaşma tərzi lazımdır. Ümumiyyətlə, Azərbaycan futboluna bir konsept düşünülməlidir. Bunun üzərindən yol xəritəsi qurulmalıdır. Elə bu xəritə üzrə də mərhələ-mərhələ inkişaf həyata keçirilməlidir. Hələlik buna spontan yanaşılır. Bir il belə, beş il belə... Elə buna görə nəticə yoxdur. Mən örnək kimi Rusiyanı, Türkiyəni və ya inkişaf etmiş futbol ölkəsi Almaniyanı nümunə gətirməyin tərəfdarı deyiləm. Fərqli ölkələrin futbol sisteminin özünəməxsus özəllikləri olduğu kimi futbol oynaması və buna yanaşması da fərqlidir.
Mən misal olaraq Vidadi Rzayevə qədər olan dönəmdən danışım. O cür ciddi futbolçuları və ciddi komandaları görmüş bir insan kimi deyə bilərəm ki, biz futbolda texnika baxımından inkişaf etmiş millətik. Bizim texnikamız pis olmayıb. Məsələn, İgəndər Cavadov, Səməd Qurbanov, Rafiq Əlizadə, Səmədağa Şıxlarovı texnikalı futbolçular idi. İsgəndər Cavadovun yaxşı sürəti də vardı. Maşallah, Əhmədovu da bu siyahıya aid etmək olar. Daha əvvələ getsək Kazbek Tuayev, Banişevski də var.
Amma fiziki baxımdan hər zaman çətinlik çəkmişik. Bilmirəm bu təbiətlə bağlıdır, ya necə. Bu səbəbdən də ilk növbədə fiziki baxımdan güclü futbolçular yetişdirmək lazımdır. Lobanovski "Dinamo Kiyev"in futbolçularına beton daşıtdırırdı.
Düşünən futbolçular da lazımdır. Müasir dövrümüzdə futbol ayaqla deyil, başla oynanılır. Mərkəzdə durub oyunu idarə edən "dirijor" funksiyasını yerinə yetirən futbolçumuz olmalıdır. Mahmud Qurbanovdan sonra mən Azərbaycanda belə bir futbolçu görməmişəm. Amma mənim üşaqlığıma təsadüf edən dövrdə bizim belə futbolçularımız var idi. İstər cinahlarda, istər mərkəzdə düşünən futbolçular olub. Fiziki hazırlığa önəm verilmək, milli futbol xarakterini tapmaq və düşünən intellektual futbolçular yetişdirmək lazımdır. Məşqçi yetirməsinə futbolun nəzəriyyəsini də keçməlidir.
- Futbol camiasından dostluq etdiyiniz kimlər var?
- Az əvvəl dediyim kimi futbol camiəsində böyümüş adamam. Sinif yoldaşlarım Faiq Əzizov və İlham Əliyev ilə daha çox təmasdayam. Az əlaqə saxladığım, amma birlikdə top qovduğum Şahin Diniyevlə, Təbriz Həsənovla yaxınam. Adlarını unutduqlarım da ola bilər. Mənə futbol çox şey verib və ən əsası komandada yaşamağı, işləməyi və düşünməyi öyrədib. Futboldan gələn tərbiyəmin sayəsində heç zaman individual olmağa çalışmamışam. Ancaq özünü düşünən biri olmamışam. Məsələn, futbol oynayarkən müdafiəçi səhvindən qol buraxanda mütləq fasilə zamanı bunu müzakirə edib ona səhvini izah edirdik. Çünki onun səhvinə görə komanda əziyyət çəkir. Bu günə qədər bu praktika mənim ağlımda qalıb. Məğlub olmağı sevmirəm. Bu da fikrimcə, mənim futbolla və regional təfəkkürümlə bağlıdır. (fanat.az)