Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Rekord.az xəbər verir ki, 37 ölkədən 416 atletin (194 qadın və 222 kişi) mübarizə apardığı turnirdə Azərbaycan idmançıları da qüvvələrini sınayırlar.

Bu gün medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının daha iki üzvü qoşulub. “Zirvə” İdman Klubunun təmsilçisi Ömər Cavadov və “Təhsil” İOEUGİŞ Məktəbinin təmsilçisi Murad Əliyev yaşı 20-yə qədər olan idmançılar arasında 67 kq çəki dərəcəsində yarışıblar.

Murad Əliyev birdən qaldırma hərəkətində 133 kq-ı ram edərək bu hərəkətdə 5-ci yeri tutub. O, təkanla qaldırma hərəkətində 156 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 7-ci pillədə qərarlaşıb. Toplam 289 kq (133+156) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı yeri tutub.

Ömər Cavadov isə birdən qaldırma hərəkətində 140 kq-ı ram edərək bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Toplam 305 kq (140+165) nəticə göstərən atletimiz yekun sıralamada 2-ci yeri tutaraq gümüş medal qazanıb.