Ömər Cavadovdan Ankarada gümüş medal
- 16 Noy 2022 15:15
- 499
Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir.
Rekord.az xəbər verir ki, 16 ölkədən 72 atlet çıxış etdiyi turnirdə Azərbaycan yığmasının üzvləri də mübarizə aparırlar.
Körpücük üzərinə bu dəfə “Qartal” Ağır Atletika Klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Ömər Cavadov çıxıblar. Onlar 73 kq çəki dərəcəsində yarışıblar.
İsa Rüstəmov 285 kq (130+155) nəticə ilə yarışda 6-cı yeri tutub.
Ömər Cavadov isə birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 155 kq-ı qaldıraraq bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə isə yekun sıralamada 4-cü yerə layiq görülüb.