Bərbad mövsüm keçirən “Sabah” mövsümün sonunda baş məşqçi dəyişikliyinə gedəcək.

Rekord.az saytının məlumatına görə, bakılılar artıq namizədləri müəyyənləşdirməyə başlayıb.

Jelko Sopiç və Visente Qomes kimi ikinci məşqçilərlə uğur qazanmağın mümkünsüzlüyünü anlayan paytaxt təmsilçisi bu dəfə eyni səhvi təkrarlamayacaq. Əldə etdiyimiz məlumata görə, “Sabah” rəhbərliyinin baş məşqçi postuna 3 namizədi var. Ancaq onlardan hələlik ikisinin adını öyrənə bilmişik.

Komandanın sükanı arxasına gətirilməsi gündəmdə olan hər iki məşqçi vaxtilə ölkəmizdə çalışıb. Onlardan biri 2011/12 mövsümünün ilk dövrəsində “Simurq”u çalışdıran Sergey Yurandır. Hazırda Rusiya birinci liqasında çıxış edən “SKA Xabarovsk”a rəhbərlik edən 52 yaşlı mütəxəssisin müqavilə müddəti yaya qədərdir.

Digər namizəd isə uzun illər ölkəmizdə fəaliyyət göstərmiş və uğurlu nəticələr əldə etmiş Kaxaber Sxadadzedir. Qazaxıstan təmsilçisi “Ordabasi”dən ötən ilin dekabrında ayrılan gürcüstanlı hazırda işsizdir. 2008-ci ildə “Standard”ı, 2009-2015-ci illərdə isə “İnter”i (indiki “Keşlə”) çalışdıran Sxadadze ikincilərə 2009/10 mövsümündə ölkə çempionluğunu, 2011-ci ildə isə “Birlik Kuboku”nu qazandırıb.

Qeyd edək ki, “Sabah” hazırda 17 turdan sonra Premyer Liqada 15 xalla sonuncu pillədə qərarlaşır. (apasport.az)