“Onları çox tərifləməyə ehtiyac da yoxdu”
- 10 Okt 2019 12:43
- 708
UEFA Çempionlar Liqası çərçivəsində Belçikanın “Halle – Gooik” komandası ilə keçirilmiş oyundan sonra “Araz”ın qapıçısı Rövşən Hüseynli müsahibə verib.
Rekord.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasının saytına danışan Hüseynli, 1:5 hesabıyla uduzduqları oyun haqda bunları deyib:
- Hadisələrin axarı gözlənilməz olmadı, deyə bilərikmi?
- Əlbəttə, heyətlə bağlı çatışmazlığımız var idi. Altı oyunçu ilə bu cür turnirdə iştirak etmək çox çətindir. Bugünkü oyun bunu bir daha göstərdi. Sona yaxın yorğunluq hiss olundu. Meydana ehtiyatla çıxmışdıq. Baş məşqçi əsasən 5-in 4-ə oynatmağımızı tapşırdı.
- Baş məşqçinin komandanın gücünü nəzərə alıb, bu cür addım atdığını düşünmürsən?
- Təbii ki, o bunu fikirləşdirdi. Çünki bu matçın ertəsi daha ağır oyunumuz olacaq. Cəmi bir günlük fasilədən sonra turnirdə növbəti qarşılaşmaya çıxacağıq. Ardıcıl oyunlar keçirmək çox çətindir. 5-in 4-ə də topu özümüzdə daha çox saxlamağı düşündük. Oyun başladıqdan sonra gedişat göstərdi ki, onlarla elə 4-ün 4-də oynamaq da mümkün idi. Bəzi epizodlar oldu ki, səhvlərimizdən qollar buraxdıq.
- Eyni sayda oyunçu ilə meydana çıxsaydız, sona qədər mübarizə aparmağa hazır idimi komanda yoldaşların?
- Birinci hissəni 4-ün 4-ə oynamaq mümkün idi. Fasilədən sonra isə iki-iki dəyişiklik etmək, istirahət üçün şərait yaratmaq olardı. Baş məşqçinin seçdiyi taktika da düzgün idi. Ancaq risk etmək olardı. Çünki rəqib də pressinq tətbiq edən zaman öz ərazisindən çıxmaqda çətinlik çəkirdi.
- “Benfika” ilə oyun daha çətin keçəcək…
- Çox çətin olacaq. Bu oyunda Ramizlə Xətai çox az əvəzləndilər. Təxminən 36-38 dəqiqə meydanda oldular. Üstəlik, dünən də uzun məsafə qət etmişik. “Benfika”nın gücü, heyəti məlumdur. Onları çox tərifləməyə ehtiyac da yoxdur.
- “Benfika” ilə oyunda gücü qoruyub, son oyunda mərhələnin taleyini həll etmək mümkündürmü?
- Baş məşqçi hələ bir söz deməyib. Fikrimcə, o da belə düşünəcək. Yəqin ki, yenə 5-in 4-ə oynayacağıq. Belə oyun zamanı mütləq qol vurmalı, topa daha çox hakim olmalıyıq. Son oyunu daha çox düşünərək gücümüzdən elə istifadə etməliyik ki, istədiyimiz nəticəni əldə edə bilək.