Xəbər verdiyimiz kimi, "Qəbələ"nin futbolçusu Feras Abu Akal yayda aldığı ağır zədə səbəbindən əməliyyat keçirib və dekabra qədər yaşıl meydançalardan kənar qalacaq. Belə olan halda maraq doğuran məsələ futbolçunun maaşı ilə bağlıdır. Futbolçunun klubla 1 illik müqaviləsi olsa da faktiki mövsümün yarısında komandasına kömək edə bilməyəcək. Görəsən oynamamasına baxmayaraq, klub futbolçunun müqavilədə nəzərdə tutulan maddi öhdəliyini ödəyəcək?

Rekord.az məsələ ilə bağlı "Qəbələ"nin meneceri Nail Kərimovla əlaqə saxladıq.

Saytımıza açıqlama verən Kərimovun məsələyə münasibəti belə oldu: "Bəli, Ferasın dekabra qədər komanda ilə birgə məşqlərə çıxacağı real deyil. Bu futbolçu ilə mövsüm öncəsi müqaviləni yenilədik və daha aşağı məbləğə razılaşdıq. Ümumiyyətlə, zədəli olsa belə, futbolçunu maaşsız qoymaq olmaz. Biz də müqaviləni yeniləyəndə o yöndən yanaşdıq ki, futbolçu bizdə zədələnibsə, onu klubsuz qoymaq olmaz. Düşündük ki, müqaviləni yeniləməsək, etikadan kənar olardı. Ona görə də müqaviləni yenilədik, maaş alır, amma təbii ki, aşağı məbləğə"