“Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev bu yaxınlarda müsahibəı verib və Tovuzun imkanlı şəxslərindən əməlli-başlı narazılıq edib. Deyib ki, bəs əllərini ciblərinə salıb, “Turan Tovuz”a sponsorluq etmirlər. İndi bilmirəm, bu sözü ürəyi yandığı üçün səmimi deyib, yoxsa Tovuzdakı futbol akademiyasının açılışına gəlmiş AFFA rəhbərliyinə xoş gəlmək üçün. Amma deyib. Lap inanaq ki, səmimi deyib. O zaman mənim də sualım var: Oqtay müəllim, xeyir ola, tovuzlu iş adamı əlini cibinə salmalıdır? Tovuzun komandasıdır, ona görə? O zaman siz Tovuzda nə axtarırsınız? Yəni fikrim pis başa düşülməsin, o demək deyil ki, Tovuzda başqa bölgəmizdən gələn hansısa məşqçi, mütəxəssis işləyə bilməz. Mən “siz” deyəndə AFFA-nı nəzərdə tuturam. Siz axı Tovuz futbolunu tovuzluların əlindən almısınız. Necə ki, Sumqayıt futbolunu sumqayıtlıların, Gəncə futbolunu gəncəlilərin, Azərbaycan futbolunu bütün xalqın əlindən almısınız. Sözdə hamını borclu çıxardırsınız, guya siz olmasanız bu ölkənin futbolu batar. Uşaq deyilik, AFFA-nın illərdi hansı siyasəti apardığını gözəl bilirik. Elə siyasət qurulub ki, az-çox futbola marağı olan iş adamları da bu sahədən qaçır. Çünki sizinlə üz-üzə gəlmək istəmir.

 

Deyək ki, mən bir tovuzluyam, pulum da var və futbola pul qoymaq istəyirəm. Gətirirəm 10 milyon qoyuram stolun üstünə ki, bu pulu Tovuz futbolunun inkişafı üçün yatırmaq istəyirəm, komandanı verin mənə, verəcəksiniz? Verməyəcəksiniz axı. Başlayacaqınız qabağıma min cürə şərt qoymağa: Müşahidə Şurası yarat, AFFA-dan mütləq orda adam olsun, biz deyən məşqçini gətir, biz deyən menecerlərlə işlə, biz təklif etdiyimiz futbolçularla oyna və s. Bir sözlə, pulu qoy ortaya, amma idarəçiliyi biz edək. Özünə hörmət edən hansı iş adamı bu şərtlər altında futbola pul qoyar? 90-cı illərdə futbolda pul var idi ki, yoxsa yüksək liqadakı 26, I dəstədəki 30 komandanı SOCAR saxlayırdı? Niyə o zaman, ölkənin ac vaxtı futbola pul qoyan tapılırdı, indi yox? Çünki futbolda qurulan iyrınc, monopolist sistem buna iman vermir. Futbola pul qoymaq istəyən şəxslər ciddi təzyiqlə üzləşir, o dəqiqə maliyyəsi araşdırılır, şirkəti hara bağlıdır, kimə bağlıdır, futbola niyə pul qoymaq istəyir, filan. Əgər AFFA-nın boyunduruğu altına girməyə razıdırsa, “ok” verilə bilər, əks halda, bismilla eləməmiş boynuna “100 faiz bukmeykerə işləyəcək” damğası vurulub uzaqlaşdırılır. Sanki özlərinin illərdi sponsorluq etdiyi I Divizion təmizdi. Futbolun inkişafını istəyən federasiya elə şəffaf sistem qurar ki, futbola marağı olan iş adamları özləri futbola gələr. Yəni biz Gürcüstan, mənfur Ermənistan qədər də olmadıq? Ona görə də Oqtay müəllim, tovuzlu iş adamlarını əbəs yerə qınamayın. Qınanılası adamlar Tovuza lent kəsməyə gələnlərdi. Nə qədər ki, onlar futboldadır və bu siyasəti yürüdrlər, heç kim əlini cibinə salmayacaq.

 

Anar XANLAROV