Orduda olan futbol hakimləri hələ geri qayıtmayıb
- 21 Dek 2020 17:00
- 952
Vətən müharibəsi başa çatdı. Müzəffər ordumuz düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdi. Döyüşlərdə həm könüllülər, həm səfərbərlik zamanı çağrılanlar, həm də milli ordunun üzvləri iştirak etdilər. Hər bir əsgər, zabit, komandir heyəti böyük şücaət göstərərək qələbədə pay sahibi oldu. Qarabağ müharibəsində iştirak edənlər arasında futbol hakimləri də var idi. Əli Əliyev, Tural İbrahimov, Qalib Əliyev, Taleh Məmmədov və Kamal Umudlu ordumuzun sıralarında olan referilər idilər. Onlar hələ də xidmət edirlər.
Hakim-əsgərlər haqda məlumat almaq üçün sabiq FİFA referisi Ceyhun Haşımovla əlaqə saxladıq. Premyer-liqa matçlarına hakim-inspektor kimi təyinat alan təcrübəli mütəxəssis tələbələri haqda bunları dedi: “Adını çəkdiklərinizin heç biri qayıtmayıb. Hələ ki ordumuzun sıralarındadılar. Əli Əliyev, Qalib Əliyev, Tural İbrahimov döyüşün qızğın yerlərində xidmət ediblər. Taleh Məmmədov rabitəçi olub. Kamal Umudlu isə Mingəçevirdə, arxa cəbhədə olub. Sonra da onları göndəriblər işğaldan azad olunan hansısa rayona. Bu barədə dəqiq məlumatım yoxdu. Hər biri ilə ayrı-ayrılıqda danışmışıq. Amma üzbəüz oturub, söhbətləşmək başqa şeydi. Qalan deyilənlər isə xalq nağıllarıdı. Gözləmək lazımdı, gəlsinlər, hər şeyi özlərindən öyrənək”. ("Futbol plus")