Ortabab “Sumqayıt”ın zəif kölgəsi
- 2020-11-12 15:50
- 1498
Zaman-zaman “Neftçi” ilə bağlı fikirlərimi yazılarımda oxucularımla bölüşürəm, “xalq komandası”nın gələcəyi ilə bağlı müxtəlif proqnozlar verirəm. Təəssüflər olsun ki, “Neftçi”ylə bağlı proqnozlarım əsasən bədbin alınır. Bu da mənim günahım deyil. 2012-ci ildə ilkə imza atan, avrokubokların qrup mərhələsində yüksələn ilk Azərbaycan klubu olan “Neftçi”nin başının üzərini elə həmin vaxtlardan “qara buludlar” aldı. Futbol təsərrüfatında olanların əksəriyyəti “Neftçi”ni yağlı tikə kimi görürlər. Məhz həmin yağlı tikəyə sahiblənmək ehtirası klubun başına bəla açdı. 2015-ci ilin martın sonunda “xalq komandası” uğrunda aparılan “müharibə” öz məntiqi sonluğuna çatdı və Sadıq Sadıqovu “Neftçi”dən uzaqlaşdırdılar. Elə o vaxtdan bəri də “Neftçi” üçün qara günlər başlayıb. Prosesləri diqqətlə izlədiyimdən verdiyim proqnozlar da bədbin ruha söykənirdi. Bilirdim ki, “Neftçi”nin zəiflədilməsi prosesi öz fəsadlarını uzun müddət göstərəcək.
Buna görə “Neftçi” azarkeşləri məndən inciyirlər. İş o yerə gəlib çatdı ki, Roberto Bordinin baş məşqçi olduğu mövsümün sonunda çempionluq əldən çıxanda məni günahkar elan etdilər. Kütləvi şəkildə məni “feysbuk” dostluğundan çıxaranlar da var idi. Nə varmış ki, “Neftçi” lider olanda, bir-birinin ardınca bahalı transferlər həyata keçirəndə mən “xalq komandası”nın böyük kluba çevrilə bilmədiyini, böyük yalanlarla idarə olunduğunu yazmışdım. Zaman dəyişib, amma “Neftçi” əsla. Roberto Bordini yola salıb onun yerinə Füzuli Məmmədovu təyin etmişdilər. Dünən də Məmmədovu yola saldılar və dərhal da onun yerinə Samir Abasov gətirildi. Sanki “Neftçi”nin yeganə problemi baş məşqçilərlə bağlı olur. Birbalaca iş çətinə düşən kimi baş məşqçini dəyişdirirlər. Bununla da kimlərsə zaman qazanır.
Bir müddət əvvəl “Neftçi”nin futbolçularının Füzuli Məmmədovdan narazı olduğu haqda məlumatlar dolaşırdı. Səbəbi də xeyli maraqlıdı. Baş məşqçi futbolçuları gündə iki dəfə məşq etdirirmiş. Dünyanın hər yerində futbolçular bütün digər vəzifə sahibləri kimi səhərlər işə, yəni bazaya gəlirlər. Orda onlar mütəxəssislərin nəzarəti altında məşq edir, qidalanır, daha sonra da müxtəlif üsullarla bərpa prosedurları keçirlər. Bir neçə il bundan əvvəl Almatıda “Kayrat”ın bazasına baş çəkmişdim. Bazada yaradılan şəraitə heyran olmuşdum. İllərdi deyirik ki, “Neftçi”nin əsas problemi nə yarıtmaz transfer siyasətidi, nə də düzgün olmayan baş məşqçi seçimi. Özünə ölkənin ən qocaman klubu, “xalq komandası” deyən “Neftçi”nin mütləq bazası olmalıdı. 2-3 məşq meydançası düzəldib, ora məşhur brendin adını qoymaqla deyil. Amma kimə deyirsən? Elə bu cür şəraitsizlikdəndi ki, futbolçuların əl-ayağını bir yerə yığmaq, onları nəzarətdə saxlamaq olmur. Onlar da məşqçi gündə iki dəfə “yükləmə” verəndə üsyan bayrağı qaldırırlar.
Bu narazılıqla “Qarabağ”a 0:6 hesablı məğlubiyyət, sonra da Füzuli bəyin işindən ayrılması arasında səbəb-nəticə əlaqələri axtarmağa həvəsim yoxdu. Dəqiq bildiyim bir şey var. O da “Neftçi”nin bir neçə il bundan əvvəl avrokuboklara qatılmaq uğrunda mübarizə aparan ortabab “Sumqayıt”ın zəif kölgəsinə çevrilməsidi. Kamran Quliyevi ordan “Neftçi”yə gətirmişdilər. Həmin vaxt Samir Abasovun da paytaxta köçəcəyi deyilirdi. Gec də olsa, bu da təsdiqini tapdı. Allah xeyirlisindən etsin!