Məlum olduğu kimi, ölkənin tanınmış hakimlərindən olan Orxan Məmmədov karyerasını bitirdi. "Qarabağ" - "Sabah" oyununda son dəfə hakim kimi fit çalan Məmmədov bununla da hakimliklə vidalaşdı. 35 yaşında birinin hakimliklə vidalaşması heç də xoş qarşılana bilməz. Çünki adətən bu yaşda hakimliyə gəlirlər. Bəs Məmmədov niyə bu qərarı verdi?

Rekord.az-ın əldə etdiyi məlumata görə, Orxanın hakimliklə vidalaşması sözügedən sahənin hazırkı durumudur.

Söhbət ondan gedir ki, əvvəlki illərlə müqayisədə hakimlikdə nə o perspektiv var, nə də ki, qazanc. Xüsusilə Ştuxlikin gəlişindən sonra vəziyyət daha da pisləşib. Hakimlər üçün oyun sayı xeyli azalıb. Elə təcrübəli hakim var ki, bəzən ay ərzində cəmi bir təyinat alır. Təyinatların azalması fonunda  hakimlərin qonorarında da heç bir artım yoxdur. Ayda bir oyuna təyinat alan hakim isə o pulla ailəsini saxlaya bilməz. Məmmədovun da bu səbəbdən hakimliklə erkən vidalaşdığı deyilir.