Orxan Sadıqlı: "Onların problemi "Xəzər Lənkəran"ladır" MÜSAHİBƏ
- 21 Okt 2019 11:00
- 817
"Zirə"nin qapıçısı Orxan Sadıqli "Neftçi" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki. 26 yaşlı qolkiper oyunu şərh etməklə yanaşı, "Neftçi" azarkeşlərinin ona yönəlmiş şüarlarından da danışıb:
- Bu oyuna da digər görüşlər kimi hazırlaşmışdıq. Sadəcə rəqibin bəxti gətirdi, erkən qol vurdular. "Neftçi"ni təbrik edirəm. Azarkeşlərə gəlincə, hər ölkədə belə şeylər olur. Gərək, fikir verməyəsən. Əsas odur ki, təhqir olmadı. Zaur Həşimovun rəhbərliyi altında ilk oyunumuz idi. İstəyirdik nəticəmiz yaxşı olsun, heç olmasa, 1 xal.
- Cavid Hüseynov "Zirə"nin bu mövsüm ən zəif oyunu keçirməsi fikiri ilə razılaşmadı. Sən bu barədə nə düşünürsən?
- Zəif deməzdim, sadəcə bizim komandada bir mənfi məqam var ki, kompakt oynamırıq. Yeni heyət olduğundan bizə bir qədər təcrübə lazımdır. Çoxusu da legionerdir, onlarla dil tapmaq bir az çətin olur. Çempionat uzun marafondur. Sadəcə, bir az kompakt oynamalıyıq. İstək var, futbolçularımızın fərdi ustalıq səviyyəsi də pis deyil.
- Səncə, "Zirə" bu mövsüm medallar uğrunda mübarizə apara biləcək?
- Əlbəttə, niyə də aparmayaq ki? 2-3 qələbə qazansaq, 2-ci yerə yüksələ bilərik. Bizim də məqsədimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Bizdə bir şey çatışmır ki, həm müdafiədə, həm də hücumda birlikdə oynaya bilmirik. Hücum müdafiədən başlayır. İkinci qolu fasilədən 25 saniyə sonra buraxdıq. Deməli, hardasa, düzgün hazırlaşmamışıq, konsentrasiyamız düz olmayıb. Bundan sonra çalışmalıyıq ki, bu cür səhvlərə yiol verməyək.
- Azarkeşlərin səninlə bağlı şüarlarından sonra özünü ələ almaq çətin deyildi?
- Öyrəşmişəm buna. Onların problemi "Xəzər Lənkəran"ladır. Bir az gənc vaxtım olsaydı, bəlkə də başqa cür reaksiya verərdim. Amma indi bunu normal sayıram. Oyunun əvvəlindən buna hazır idim. Təhqir olsaydı, bəlkə də başqa cür yanaşa bilərdim. Azarkeşdir də, nə deyəsən? Sənin ona əlin çatmır. O da ağzına gələni danışa bilər. Sadəcə, bir az möhkəm olmaq lazımdır.
- Sanki formanı göstərərək cavab da verdin azarkeşlərə...
- Yox, bu "Xəzər-Lənkəran"la mənim aramda olan bir şeydir. Onlar da bilir ki, "Xəzər Lənkəran" mənim ürəyimdədir. 13-14 yaşımdan Lənkəran klubunun akademiyasında olmuşam. İndi "Zirə"dəyəm, bu klubun uğurları üçün çalışıram Hər futbolçunun yetişdiyi bir akademiya var. Mən də "Xəzər Lənkəran"da futbola ilk addımlarımı atmışam. Əvvəldən biz "Neftçi" ilə rəqabət aparmışıq. Keçmişlə yaşamaq lazım deyil, gələcəyə baxmaq lazımdır.