Oyun alqı-satqısına görə həbs olunan milli üzvünün qardaşı danışdı
- 05 Fev 2020 11:00
- 1488
«Əlbəttə, bu hadisə hamımız üçün təəccüblü oldu».
Rekord.az xəbər verir ki bu sözləri sportinfo.az-a açıqlamasında basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyevin qardaşı Amin Həmzəyev deyib.
Amil Həmzəyev bir müddət əvvəl - ötən ilin dekabrında həbs olunub. “Gəncə” basketbol klubunun üzvü Azərbaycan çempionatının (böyük ehtimalla, I Divizion oyunları zamanı pul qoyuluşunda və nəticələrin müəyyənləşdirilməsində şübhəli şəxs qismində tutulub.
O, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır. Amin Həmzəyev qardaşının günahkar olmadığına əminliyini ifadə edib:
«Amil Azərbaycanın yetişdirdiyi ən istedadlı basketbolçudur. Bu xəbəri eşidəndə məyus oldum. İndi araşdırma davam edir. İstintaqın gedişi haqda heç nə deyə bilmərəm.
Bu şübhənin əsassız olacağına inanıram. Əminəm ki, istintaq başa çatdıqdan sonra bunun əsassız olduğuna qərar verəcəklər.
Bu xəbəri ilk dəfə kimdən aldım? Qardaşım özü mənə zəng etdi. Dedi ki, mən saxlanılmışam. Səbəbini izah etmədi. Sonradan hər şey aydın oldu.
Bu müddətdə özüylə də görüşmüşəm. Gəldiyim qənaət ondan ibarətdir ki, Amilin yetişdiyi ailə, idman mühitini nəzərə alaraq, onun bu işlərin içində olma ehtimalı çox aşağıdır.
Özü də günahsız olduğuna inanır və həqiqətin tez bir zamanda ortaya çıxacağını düşünür. Sadəcə, bəzi məqamlarda şərtlər elə gətirir ki, insan belə vəziyyətə düşə bilir.
Heç kim, heç Amil özü də istəməzdi ki, adı bu tip qalmaqalda hallansın. Yenə deyirəm, mən də, onu tanıyan insanlar da inanırıq ki, bu mövzuda günahsız olduğu ortaya çıxacaq».