Premyer Liqanın 10-cu turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (1:4) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Rekord.az sizi 43 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Ağır oyunun olacağını bilirdik. Bu matçda yaxşı oyun və yaxşı nəticəyə köklənmişdik. İlk dəqiqələr də bunu göstərdi. Çoxsaylı epizodlar yaratdıq. Amma yenə də dəyərləndirmədə axsayırdıq. Oyunun qırılma nöqtəsi İlkin Qırtımovun qırmızı vərəqə alması idi. Bundan sonra komanda oyundan qopdu. İkinci qırmızı vərəqədən sonra isə hücum etmək daha da ağır oldu”.

Baxşıyev komandanın oyunundan narazı qalmadığını bildirib: 

“Oyun keyfiyyəti bizdən də aşağı olan komandalar var ki, nəticə qazanırlar. Oyun planında nöqsan görmürəm. Osama Xalaylanın ikinci sarı vərəqəsinə gəlincə, oyun epizodu idi və məsuliyyətsizlikdən danışmaq mümkün deyil. Hər iki oyunçu mübarizə aparır. Sarı vərəqəsi var idi, verməmək də olardı. Samuel Tetteh 90 dəqiqə oynamağa hazır olmasa da, onu daha yaxşı formaya gətirməyə çalışırıq. Ümid edirəm ki, 2-3 matçdan sonra tam optimal formasında olacaq. Rəşad Əzizli təcrübəli qapıçıdır. Daha düzgün analiz edib səhvlərini aradan qaldırmalıdır”.