Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və qitə birinciliyinin seçmə mərhələsinə hazırlıqlarını davam etdirir. "Rekord.az" xəbər verir ki, yığmamızın oyunqurucusu Kristina Besman hazırlıq prosesi ilə bağlı fikirlərini bölüşüb:

“Klub yarışları gec başa çatdığı üçün millinin məşqlərinə bir az gec qoşuldum. Mövsüm bitdikdən sonra qısa müddət də olsa zədələrimin müalicəsinə vaxt ayırdım. Hələ də müalicə davam edir və bir neçə günə hər şey arxada qalacaq. İslamiadanın və Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirəm. Bu səbəbdən də hər bir məşqdə iştirak etməyə çalışıram.

Təlim-məşq toplanışını iyunun 25-dən Mingəçevirdə davam etdirəcəyik. Yaxın günlərdə bir neçə aparıcı voleybolçumuzun da bizə qoşulacağı gözlənilir. İyulda əsas üstünlük komanda şəklində məşqlərə və yoxlama oyunlarına veriləcək. İnanıram ki, həm İslamiadada, həm də AVRO-2023-ün təsnifat oyunlarında yaxşı çıxış edəcəyik. Komandamıza uğurlar arzu edirəm”.