Qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqası çərçivəsində bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Monteneqro qarşılaşmasından sonra millimizin baş məqçisi Siyasət Əsgərov fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:

“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq. İkinci hissənin əvvəlində oyunumuzda bir qədər eniş oldu. Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bu zaman rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.