“Arsenal”ın futbolçusu Məsut Özil maaşında endirim edilməsi ilə bağlı təklifi qəbul etməməsinin səbəbini açıqlayıb.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi açıqlamasında bunları deyib:

“Oyunçular olaraq pandemiyaya qarşı mübarizədə faydamızın olmasını istəyirdik. Amma daha çox məlumata ehtiyacımız var idi və bütün suallarımız cavabsız qalmışdı. Belə vəziyyətdə nə baş verdiyini bilmək, həmçinin pulumuzun hara getdiyini öyrənmək  haqqımız var. Dediyim kimi, kifayət qədər izah və məlumat almamışdıq. Çox tez qərar verməli idik və üzərimizdə basqı var idi. Bu qərarlar xüsusən də gənc oyunçular üçün ədalətli deyildi. Mən də həmin təklifi rədd etdim. Çünki övladımız yeni dünyaya gəlmişdi. Eləcə də ailəm və xeyriyyə cəmiyyətləri üçün görməli olduğum işlər var idi. Bundan əlavə maaşının endirilməsini rədd edən yeganə futbolçu mən deyildim. Lakin sadəcə mənim adım öndə çəkildi. İki ildir ki, məni yox etməyə və məyus olmağım üçün çalışanlar var. Bilmirəm, bəlkə də verdiyim bu qərar meydana çıxmaq şansıma da təsir etdi. Amma doğru qərar verdiyimi düşünürəm və buna görə də peşman deyiləm ”.