İlk dəfə böyüklərin Avropa çempionatında iştirak edən Azərbaycanın sərbəst güləş yığmasının üzvü Turan Bayramov debütünü gümüş medalla qeyd etdi.

Rekord.az xəbər verir ki, məsul yarışda 70 kq-da bu uğura imza atan 21 yaşlı idmançı çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib:

“Bu kateqoriya mənim üçün yenidir. Bildiyiniz kimi, bundan əvvəl 65 kq-da çıxış edib, nəticə vermişəm. Avropa çempionatı kimi nüfuzlu yarışda iştirak etmək məsuliyyətimi daha da artırdı. 70 kq-da belə yüksək nəticə göstərməyimin ən böyük səbəbi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz idi. Göygöldə fiziki hazırlıq üzrə yaxşı məşqlər keçdik. Ona görə də yarışda fiziki cəhətdən çətinlik çəkmədim.

Rəqiblərimə gəlincə, adətən, yarışdan bir gün əvvəl rəqiblərimi analiz edirəm. Qarşılaşdığım güləşçilər nəticə vermiş idmançılar idi. Böyük Britaniyadan olan rəqibim daha öncə bürünc medal uğrunda güləşmiş, dəfələrlə nüfuzlu yarışlarda iştirak etmişdi. Türk Haydar Yavuz sonuncu Avropa üçüncüsü idi. Fərdi Dünya Kubokunda da gümüş medal qazanmışdı. Onunla görüş gərgin mübarizə şəraitində keçdi. Ancaq yaxşı fiziki hazırlıq keçməyim bu qarşılaşmada mənə çox kömək oldu. Yarımfinalda üz-üzə gəldiyim ukraynalı idmançını 23 yaşadək güləşçilərin dünya çempionatından tanıyırdım. Onun güləşini bilirdim. Ona görə də rahat qalib gəldim.

Finalda məğlubiyyətimin ən böyük səbəbi 70 kq-da yarış təcrübəmin çox olmamasıydı. Ancaq son saniyələrdə yaranan vəziyyətdə ayağımı rəqibin əllərindən qoparıb, onun arxasına keçə bilsəydim, Avropa çempionu olacaqdım. Ancaq eyib etməz. Bu nəticə mənim motivasiyamı daha da artırır. Özümü Avropa çempionu olmuş kimi hiss edirəm”.