PAOK Atatürkə görə millimizin baş məşqçisinin müqaviləsinə xitam verdi
- 15 İyn 2023 10:30
- 553
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Ataman Güneyligilin Yunanıstanın PAOK klubu ilə müqaviləsi ləğv edilib. "Rekord.az" xəbər verir ki, buna səbəb türkiyəli mütəxəssisin sosial şəbəkədə Atatürklə bağlı paylaşım etməsi olub.
Belə ki, Güneyligilin sosial şəbəkədə Atatürkün şəklini paylaşması yunan azarkeşlərin narazılığına səbəb olub və etirazlarını bildiriblər. Bundan sonra klub rəhbərliyi türkiyəli çalışdırıcı ilə bağladığı müqaviləyə xitam verib.
Qeyd edək ki, PAOK bir neçə gün əvvəl Güneyligilin bu kluba keçidini rəsmən elan etmişdi. Həmçinin Azərbaycan Voleybol Federasiyası bir müddət əvvəl türkiyəli mütəxəssislə müqavilə bağlayıb. Güneyligil qadınlardan ibarət millimizi bu il avqustda keçiriləcək Avropa çempionatına baş məşqçi kimi çıxaracaq.