Paralimpiya Oyunlarının qalibi “Kəpəz”in düşərgəsinə baş çəkib
- 16 Okt 2024 12:22
- 178
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarının qalibi, parataekvondoçu İmaməddin Xəlilov "Kəpəz" klubunun düşərgəsinə baş çəkib.
Rekord.az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgənin idman məktəbinin yetirməsi olan paralimpiya çempionu klub rəhbərliyi, məşqçilər korpusu və futbolçularla görüşüb.
Klubun icraçı direktoru Cabir İbrahimov paralimpiyaçıların əzmkar mübarizə aparmaqla hamıya nümunə olduqlarını bildirib. O, dövlət tərəfindən göstərilən diqqət nəticəsində idmançıların beynəlxalq yarışlarda əldə etdikləri uğurların sayının ildən-ilə artdığını, xalqımızın qazanılan qələbələrlə qürur duyduğunu qeyd edib.
Komandanın baş məşqçisi Azər Bağırov paralimpiyaçılarımızın daim dördilliyin ən böyük yarışında uğurlar qazanaraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırdıqlarını deyib. Onların Parisdə də Azərbaycanı layiqincə təmsil etmək üçün böyük səy göstərdiklərini əlavə edib.
İmaməddin Xəlilov xoş sözlərə və səmimi qarşılanmaya görə kollektivə təşəkkür edib, uşaqlıqdan “Kəpəz” azarkeşi olduğunu deyib. Komandanın çıxışına da toxunan paralimpiya çempionu tarixi derbidə “Neftçi” üzərində qələbənin futbolçulara böyük motivasiya verəcəyinə inandığını söyləyib.
“Həyat mübarizədir, ruhdan düşmək olmaz” deyən Xəlilov idmanla məşğul olduğu 7 il ərzində böyük uğur qazana bilmədiyini deyib. Amma əzmkarlığı sayəsində indi qarşısına qoyduğu bütün hədəflərə çatdığını bildirib.
Görüşün sonunda parataekvondoçuya komandanın forması hədiyyə olunub.