Paralimpiyaçı cüdoçularımızı qarşılamağ niyə heç kim gəlməyib?
- 08 Sen 2022 11:30
- 717
Paralimpiyaçı cüdoçularımız bu yaxınlarda İtaliyada keçirilən Avropa çempionatında iştirak ediblər.
Rekord.az xəbər verir ki, çempionatda iştirak edən 7 idmançımızdan 6-ı Vətənə medalla dönüb.
Tanınmış idmançımız İlham Zəkiyev bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Digər 5 idmançımız isə bürünc medal qazanıblar. Lakin təəssüfedici məqam odur ki, ölkəyə yaxşı nəticə ilə qayıdan paralimpiyaçılarımıza qarşı laqeyd münasibət olub.
İlk növbədə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən bir nəfər də olsun idmançılarımızı qarşılamağa gəlməyib. O cümlədən tv-lərdən də heç kim paralimpiyaçılarımızı qarşılamayıb. Kimlərsə deyə bilər ki, komandamız Bakıya saat 05:30-da enib, gecənin bir aləmi kim yuxusuna haram qatıb hava limanına getsin? Amma maraq üçün deyək ki, eyni vaxtda Bakıya dönən güləşçilərimizi qarşılamağa həm nümayəndələr, həm də telekanallar gəlib.
Niyə belə alınıb?
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinin "Rekord.az"-a açıqlaması belə oldu: "Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin protokolu və ənənəsinə əsasən milli komandalar beynəlxalq yarışlara getməmişdən əvvəl Komitə rəhbərliyi tərəfindən qəbul olunur və yarışdan qayıdandan sonra yenə də Komitədə qəbul olunurlar, yarışın nəticələri müzakirə olunur və gələcək planlar müzakirə edilir".