Qalstuk sözünün kökü Niderlanda gedib çıxır ( halsdoek). Qalstuk dilimizə rus improvizasiyası ilə gətirilib və qəbul edilib. Avropada qalstuk daha çox fransız "cravate"si ilə səslənir. Qardaş Türkiyədə də qalstuka "kravat" deyilir...

Tarixə vardıqda, qalstuk "boyun/boğaz yaylığı" mənasını daşıyır, təkmilləşərək, müxtəlif formalarda indiki şəklinə gəlib çıxıb. Yaxın qədim dövrlərdə elə anlar olub ki, İngiltərədə bir ara qalstuk qeyrət rəmzinə çevrilib, "boyun yaylığının" təhqir olunması qanla yuyulub. Bir çox ölkələrdə, xalqlarda qalstukun formaları insanların statusunu müəyyənləşdirib. Əsrlər öncə, qalstukun "əcdadları" ordu simvolu rolunda olub və xorvatlar geniş istifadə edib.

Elə "crovate", "krovat"ın kökü də bundan qaynaqlanır.

Bu günlərdə baş tutan AFFA konfransında uzun bir dönəmə son qoyuldu, federasiya rəhbərliyi 90% dəyişildi. Bu, artıq Azərbaycan futbolunda yeni dönəmin, ideoloji, strateji xəttin olması, başlanması deməkdir...

Keçmişlərin vida mərasimində son iyirmi ildə ərsəyə gətirilən Lənkəran, Yevlax, İmişli, Zaqatala, Quba, Qəbələ, Sumqayıt stadionları, viranə qoyulmuş, yerlə bir edilmiş "Bakı"nın bazası "yaddan" çıxsa da, AFFA-nın Bakıda, Şamaxıda inşa etdirdiyi arenalarla bağlı ağızdolusu danışıldı. Tovuz, Gəncə bazaları da yaddan çıxmadı. Baxmayarq ki, bu qurğuların böyük əksəriyyəti dövlətin, xalqın vəsaiti ilə ərsəyə gətirilib...

Klublarımızın Avropa qrup uğurlarından da söz açıldı. Bunların da AFFA rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Hələ yeni rəhbərlik "yükləndi" də, klubların nəticələri fonunda milli komanda final mərhələsinə çıxmalıdır. Yaddan çıxarıldı ki, minimum səkkiz il öncə buna söz verilmişdi.

Futbol nailiyyətlərinin olmadığı, "kravat"da mürgülədiyi illərdən sonra meydanın mərkəzinə Parisdən "qalstuk" gətirildi. FİFA prezidentinin videoçarx "köməkliyi" də effekt vermədi, AFFA rəhbərinin 16 illik qalstuku yada düşdü. Stres, bədən/dil çaşqınlığının biruzə verilməsi, məğlub idarəçi komandanın özlərinin də bilmədən özünüifadəsi idi...

Azərbaycan futbolunun boğazına keçirilən dar ağacı əvəzi dağıdıcı qalstukluların, zalda iynə üstündə əyləşən "komanda" üzvlərinin təlaş dolu "sabahımız necə olcaq" simaları, çıxış edən ideoloqların saxta gülüşləri...

Ölkə futbolu uzun illərdən sonra böyük bir bəladan yaxa qurtardı. Bitdimi proses? Xeyr!

Xarabalığa çevrilmiş futbolun dirçəlməsi/ dirçəldilməsi yolunda arxayınlıq, rahatlıq yolverilməzdir. Azərbaycan futbolu dar ağacı "qalstuklardan" tam xilas edilməli, zərgər dəqiqliyi ilə addımlar atılmalı, operativ qərarlar verilməlidir!

 

Tahir SÜLEYMANOV