Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Pedro Martins UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Qələbə münasibətilə komandamı təbrik edirəm. Heyətdəki itkilərə baxmayaraq, qələbə qazandıq. Məcburiyyyətdən heyətdə rotasiyalar etmişdik. Sevindirici haldır ki, dəyişikliklər müsbət nəticəsini verdi. Hər kəs əlindən gələni etdi. Bu oyun gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Artıq 3 ildir komanda ilə birgəyik. Sabit heyətimiz var. Bunun müsbət nəticələrini görməkdəyik. Bunun sayəsində Bakıda lazım olan nəticəni əldə etdik.

Təcrübəli rəqibə qarşı oynadıq. "Neftçi"nin heyətində yaxşı futbolçular var. Rəqib komandada kapitan Emin Mahmudov, Yusuf Laval, Harramiz Soares və Mamadu Kaneni qeyd edərdim. Hər iki matçda bizə çətin anlar yaşatdılar. Xüsusilə son ikisi bizə yaxşı tanışdır. Bu görüş hazırlıq baxımından da yaxşı oldu".