“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşdıqları “Sumqayıt”la görüşdən sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:


“İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra oyunun ritmini ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı oyunlara hazırlaşacağıq.


Vaqif Cavadovun gəlişindən sonra da "Sumqayıt" daha dinamik, daha aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik. Onlar özgüvənli komandadır, yaxşı iş görürlər.


Epizodlara da baxsaz, bizim futbolçular necə sarı alırlarsa, burada rəqibi də vurğulamaq lazımdır. Rəqib də yaxşı çalışır ki, onları provakasiyaya çəksinlər. İdman stressdən ibarətdir. Stressin altında olmalısan ki, hansısa mərhələyə gəlib çıxasan. Sizin sual verməyiniz normaldır. Mən də onu normal şəkildə cavablandırıram. Bizdə nə qıcıq yaradır? 80-cı dəqiqədə "Sumqayıt"ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır. Amma biz də baxırıq ki, dəqiq penaltidir. Nə VAR-a baxırlar, nə VAR-dan çağırırlar. Möhkəm komandayıq, bizi bu yolla əzmək istəyirlərsə, əfsuslar olsun ki, bu onlarda istək olaraq qalacaq… Bizə qarşı diqqətli olsunlar. Komandama inanıram, möhkəm və sağlam kollektivimiz var. Öz iradəmizdən geri çəkilməyəcəyik. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim olur, bu oyundakı kimi. 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə nə siz məni, nə də mən komandamı günahlandıra bilərəm. Epizoddur, futboldur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan”.