Azərbaycan millisinin və “Ersgebirge”nin üzvü Dmitri Nazarov 2-ci Bundesliqanın 26-cı turunda “Sandhauzen”ə 3:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı açıqlama verib.

Rekord.az xəbər verir ki, oyunda hesabı penalti zərbəsi ilə açan Nazarov, bunları deyib:

“Penaltini yerinə yetirmək velosipedlə gəzmək kimidir. Sürməyi heç vaxt unutmursuz. Zərbəni yerinə yetirərkən özümdən əmin idim. Qayda pozuntusuna görə rəqibə qırmızı vərəqə göstərilməsindən çox vaxt keçmişdi, amma oyuna köklənə bildik və düşünürəm ki, qələbəyə layiq idik.

Oyun ərzində bir neçə dəfə maskadan istifadə etdim. Qaydalara əməl etməyə və özünü qorumağa çalışırsan. Qol sevincini qeyd edərkən də, qaydalara əməl etmək asan deyildi. Ümid edirəm ki, gələcəkdə qələbə sevincini azarkeşlərlə qeyd edəcəyik, onlara ehtiyacımız var”.