Azərbaycan Respublikası ərazisində müşahidə olunan qarlı və şaxtalı hava durumu Lökbatan Olimpiya İdman Kompleksinin infrastrukturuna ciddi ziyan vurub.

Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, aparılan müşahidələrdən sonra Azərbaycan Birinci Divizionunun 15-ci turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununun 1 mart tarixdə sözügedən arenada keçirilməsinin mümkün olmadığı məlum olub.

“Qaradağ Lökbatan”ın müraciətini, “Neftçi-2” klubunun razılıq məktubunu alan PFL oyunla bağlı aşağıdakı qərarı qəbul edib:

15-ci turun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyunu 1 mart saat 14:00-da “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında keçirilsin və görüş “Neftçi-2” - “Qaradağ Lökbatan” kimi qeyd olunsun.

Birinci Divizionun 23-cü turunun “Neftçi-2” - “Qaradağ Lökbatan” oyunu isə “Qaradağ Lökbatan” – “Neftçi-2” kimi qeyd olunsun.