Koronavirus pandemiyasına görə futbol yarışları azarkeşsiz keçirilir. Bura Azərbaycan premyer-liqasının oyunları da daxildi. Düzdü, İngiltərə, ABŞ və başqa ölkələrdə 2020/21 mövsümünün bəzi matçlarına müəyyən sayda azarkeş buraxılırdı. Lakin infeksiyanın ötən ilin sonlarında daha da vüsət alması bu məsələnin üstündən xətt çəkdi.


Artıq ölkəmizdə koronavirusa yoluxanların sayının azalması müşahidə olunur. Dünən bir çox iaşə obyekti yenidən vətəndaşların üzünə açıldı. Fevralın 1-də təhsil müəssisələri də açılacaq. Bu müsbət tendensiya futbola təsir edəcəkmi? Sosial şəbəkələrdə fevralda premyer-liqa matçlarına müəyyən sayda azarkeşin buraxılacağı haqda məlumat yayılıb. Buna səbəb kimi vaksinasiyanın başlaması, yoluxma sayının azalması göstərilib. PFL oyunlara azarkeşlərin buraxılması üçün Operativ Qərargaha müraciət edəcək?


Suallarımızı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq: “UEFA-nın öncəliyi qarşılaşmaların problemsiz keçirilməsidi. Bildiyiniz kimi, ötən ilin sonlarında komandalardakı yoluxmalara görə çempionatı məcburən yarımçıq dayandırmışdıq. Klub nümayəndələri, futbolçular sağaldıqdan sonra premyer-liqanı bərpa etdik. Yenidən belə halların yaşanmaması üçün diqqətli olmalıyıq. Düzdü, ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların sayı azalır. Lakin hələ səbirli olmalıyıq. Bizim üçün də oyunların azarkeşsiz keçirilməsi xoş deyil. Çox adam deyir ki, futbolun bəzəyi qoldu. Koronavirus bizə göstərdi ki, futbol azarkeşlərsiz o qədər də maraqlı deyil. Lakin sağlam olmaq üçün hər birimiz səbirli olmalıyıq. Operativ Qərargah yarışlara azarkeşlərin buraxılması ilə bağlı qərar verən kimi fanatlar öz komandalarına dəstək olmağa başlayacaqlar. Düzdü, vaksinasiya başlayıb. Sağalanlar yoluxanlara nisbətən daha çoxdu. 2020-ci ildə də belə halla rastlaşdıq. Lakin sonra gördük ki, bəzi qərarların verilməsi üçün tezdi. Bu səbəbdən də hər şeyin ən yaxşı olduğu müddətə qədər gözləməliyik. İndiki halda dəqiq deyə bilərik ki, fevralda azarkeşlərin stadionlara buraxılması gündəmdə deyil”. ("Futbol plus")