PFL “Keşlə”yə xəbərdarlıq edib: bir də eyni hal təkrarlansa...
- 27 Avq 2020 17:00
- 938
PFL premyer-liqanın Əsasnaməsinə pandemiya ilə bağlı bəzi yasaqlar əlavə edib.
Rekord.az xəbər verir ki, əsasnaməyə əlavədə ölkədə tətbiq olunan xüsusi karantin dönəmində çempionat oyunları zamanı hansı qadağaların tətbiq olunduğu ətraflı göstərilib.
Buna baxmayaraq, 28-ci ölkə çempionatının ilk turunda bəzi klublar oldu ki, əlavədən xəbərsiz olduqlarını nümayiş etdirdilər. Buna sübut kimi “Sumqayıt” – “Keşlə” matçında qonaqların yarımmüdafiəçisi Cavid İmamverdiyevin oyunu tribunadan izləməsini göstərmək olar.
Əlavənin Ümumi Müddəalar bölməsinin 8-ci bəndində bunlar qeyd olunub: “Oyunlara ancaq adı cari oyunun protokolunda qeyd olunan şəxslər gələ bilər. Zədəli, cəzalı və digər səbəblərdən oyunda iştirak etməyən şəxslər stadiona gələ bilməz”.
Premyer-liqanın açılış oyununda “Keşlə”nin futbolçusunun adı “23-lük”də qeyd olunmasa da, yuxarıda vurğuladığımız kimi, İmamverdiyev matçı tribunadan izləyənlər arasında idi. Bəs görəsən, təlimatı pozduğuna görə futbolçuya və ya onun şərəfini qoruduğu kluba hansısa cəza nəzərdə tutulub? Bu suala cavab tapmaq üçün PFL-in Texniki İdman Departamentinin rəhbəri, sözügedən matçda AFFA nümayəndəsi missiyasını yerinə yetirən Elgiz Abbasovla əlaqə saxladıq: “Bilirsiz ki, avrokuboklarda sifariş ərizəsinə 18 futbolçunun adı qeyd olunur. Bu üzdən qitəmiqyaslı turnirlərdə adı iştirak ərizəsinə düşməyən oyunçulara tribunada oturmaq icazəsi verilir. Bizdə isə sifariş ərizəsinə 23 futbolçunun adını qeyd etmək olar. Adı “23-lüy”ə düşməyən futbolçunun stadiona gəlməsinə nə ehiyac var? Onsuz da onun həmin gün meydana çıxmaq şansı yoxdu. İndi elə vaxtdı, çalışmaq lazımdı ki, az adamla çox iş görülsün. Pandemiya dönəmində çox adamı tribunaya yığmaq məqsədəuyğun sayılmır. Cəzalı və zədəli futbolçunun oyun vaxtı tribunada olmasına qadağa qoyulmasının kökündə də məhz bu amil durur. Normal vəziyyətə qayıtdıqdan sonra bu qadağa aradan qalxacaq, buna heç kimin şübhəsi olmasın. Bugünkü durumda tapşırıq və göstəriş belədi ki, tribunaya mümkün qədər az adam yığışsın. Cavidin adı iştirak ərizəsində yer almayıbsa, meydana çıxmaq şansı yoxdusa, orda olmasının nə mənası var? Burda söhbət təkcə İmamverdiyevdən getmir. Bu istənilən komandada olan cəzalı və zədəli oyunçuya aiddi. Cavidi hamımız tanıyırıq, futbolçu kimi nəyə qadir olduğunu da bilirik. Ancaq onun orda olması qeyri-qanuni idi. Cəzalandırmaq çox asandı. Ancaq bu qaydalar ilk dəfə tətbiq olunur və tövsiyə xarakterlidi. Məsələ ilə bağlı kluba məlumat göndərildi. Onlara bir daha deyildi ki, növbəti dəfə belə hallar təkrarlanmasın. “Keşlə” rəsmilərinə bildirildi ki, bir daha təkrarlansa, ciddi sanksiyalar tətbiq oluna bilər”. ("Futbol plus")