Premyer-liqada olduğu kimi, 1-ci divizionda da çempionluq uğrunda gərgin mübarizə gedir.

Rekord.az xəbər verir ki, tribunalara toplaşan azarkeş sayından da bu çempionata yetərincə maraq olduğunu görmək mümkündü. İddialıların qarşılaşmalarında isə bu maraq ikiqat artır.

Tur ərzində 4 görüş PFL-in rəsmi saytı vasitəsilə canlı yayınlanır. Lakin diqqətimizi cəlb edən məqam çempionluğa iddialı, turnir cədvəlinin 2-3-cü pillələrində yer alan MOİK-lə “Kəpəz” arasında dünən keçirilən matçın yayınlanmaması oldu. Bunun səbəbini öyrənmək üçün PFL-in Texniki İdman şöbəsinin rəhbəri Elgiz Abbasovla danışdıq:
 

"Adətən, turun 4 oyununu canlı yayınlayırıq. Bu yayının daha çox adama çatması bizim üçün önəmlidi. Adətən, aylıq plan üzrə hərəkət edirik. Budəfəki seçimimiz belə olub və bölgədən bir gündə iki oyunu canlı göstərmişik. MOİK – “Kəpəz” görüşü tərəfimizdən lentə alınıb və icmalı saytımızda yerləşdiriləcək". ("Futbol plus")