Polina Rəhimova: "Məqsədimiz mümkün qədər yaxşı nəticə göstərməkdir"
- 20 İyl 2023 14:40
- 360
Avropa birinciliyinə hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada səfərdədir. "Rekord.az" xəbər verir ki, Zenitsa şəhərində təlim-məşq toplanışı keçən komandamızın üzvü Polina Rəhimova hazırlıq prosesi haqqında danışıb.
Uzun aradan sonra yenidən yığmaya qayıdan təcrübəli hücumçumuzun fikirlərini təqdim edirik:
"Üç ildən sonra milli komandaya geri döndüm. Avropa çempionatında uğurlu nəticə qazanmaqda komandaya kömək etmək üçün yenidən buradayam. Federasiyada rəhbərlik dəyişib və yeni rəhbərlik mənə etimad göstərdi, bu il yarışda çıxış etmək üçün yenidən milliyə dəvət etdi.
Mayda cərrahiyyə əməliyatı keçirmişdim, hazırda özümü yaxşı hiss edirəm. Bacardığım qədər komandaya kömək etməyə çalışacağam, yaxşı nəticə göstərmək üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz mümkün qədər yaxşı nəticə göstərməkdir. Avropa çempionatında oyunlarımıza bir ay vaxt qalıb. İlk qarşılaşmamız avqustun 18-də olacaq.
Hazırda Bosniya və Herseqovinadayıq. Burada bir neçə yoldaşlıq oyunu keçirəcəyik. Sonra Bakıya qayıdacağıq və yenə hazırlıq matçlarımız olacaq.
Daha sonra Sloveniyanın Maribor şəhərinə gedəcəyik. Orada Avropa çempionatı öncəsi son hazırlığımızı keçib, yoldaşlıq oyunları da oynayıb, heyəti tam formalaşdırıb yarışa hazır olacağıq. Məşqçimiz bir neçə oyun variantı üzərində çalışır. Bu da bizə son taktikalarımızı müəyyənləşdirməyə kömək edəcək.
Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Yenidən milli komandaya qayıtdığım üçün fanatların bu qədər sevinməsinə görə də çox şadam. Çox adam mənə yazdı, dəstəyini bildirdi. Bu isti qarşılanmaya görə hər kəsə təşəkkürümü bildirirəm, çox sağ olun.
Hər kəsi oyunlara baxmağa dəvət edirəm, gəlin, bizə dəstək olun. Azərbaycan voleybolunu birgə inkişaf etdirək".