Portuqaliyalı mütəxəssis Fernandu Santuşun Azərbaycan yığmasının baş məşqçisi postuna təyin olunması birmənalı qarşılanmadı. Onun yaşının çoxluğu və son illərdəki performansı nikbinliyə əsas vermədiyindən ictimaiyyəti tənqidinə səbəb oldu.

Maraqlıdı, bəs Santuş ötən iş yerlərində necə çalışıb, özündən sonra hansı təəssüratı qoyub? Bu məqsədlə Polşanı seçdik. Ölkənin aparıcı saytlarından olan "sportowefakty.pl"-in əməkdaşı Rafal Şimanski "Rekord.az"-a danışaraq yeni baş məşqçimiz barədə fikirləri bölüşdü. Polşalı jurnalist Santuşu tənqid atəşinə tutdu:


"Ümumilikdə, işinin əvvəlində müsbət hisslər vardı. Polşa Çeslav Mixneviçin ayrılmasından sonra əcnəbi məşqçi axtarırdı və federasiya prezidenti Fernandu Santuşu gətirməklə sürpriz etdi. Komandaya əla CV-si olan, 2016-cı ilin Avropa çempionu təyin olunmuşdu.

Sizdəki kimi Santuş Polşada da bir futbol koordinatoru kimi çalışmalı, öz təcrübəsi ilə müxtəlif səviyyələrdə kömək etməli idi. Santuş Polşada yaşayacağını elan etdi, amma biz onu ölkənin əsas liqasının oyunlarında demək olar ki, görmədik. Santosa əsas tənqid onun məsuliyyətini ciddiyə almaması və polşalı oyunçular haqda heç nə bilməməsi idi. O, milliyə əsasən legioner həyatı yaşayan futbolçuları çağırır və Ekstraklassanı diqqətdən kənarda qoyurdu. Daha bir sürpriz fakt idi ki, o heç bir futbolçunu kəşf eləmədi və gənc oyunçulara debüt şansı vermədi. Üstəlik, o futbolçularla uyğun dil tapa bilmədi və kommunikasiya problemləri yaşadı.

Santuşu işinə münasibəti komandanın nəticələrində birbaşa əks olundu. Onun rəhbərliyi altında Polşa millisi Albaniya və Moldovanı udmağı bacarmadı. Komanda az qala AÇ-2024-dən kənarda qalacaqdı. Onun yerinə gələn Mixal Probers isə öz 8 matçında bir dəfə də olsun məğlub olmadı.

Santuşun Türkiyədəki işinin uğursuz olması və fəaliyyətinin cəmi 3 ay çəkməsi də təsadüfi deyildi. Görünən odu ki, bu dəfə də eyni şeylər yaşanacaq. Düzü, Santuşun belə qısa müddətdə özünə yeni iş yeri tapacağını gözləmirdim. Onun 70 yaşı var və belə bir hissim var ki, bu iş onun məşqçilik karyerasında son iş yeri olacaq".