Premyer Liqa klubları koronavirusdan qorunurmu? SORĞU
- 14 Mar 2020 13:00
- 755
Ötən ilin sonunda Çinin Uhan şəhərində ortaya çıxan və dünyada sürətlə yayılmağa başlayan koronavirus pandemiyası idmana da təsirsiz ötüşməyib.
Rekord.az xəbər verir ki, artıq UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunları, həmçinin "böyük 5-lik" çempionatlarında matçlar təxirə salınıb.
Bəzi ölkələr isə hələlik qarşılaşmaların azarkeşsiz keçirilməsi ilə kifayətlənir.
Məlum olduğu kimi, Azərbaycan Premyer Liqasının XXI, XXII, I Divizionun isə XIX və XX turunun oyunlarına da azarkeş buraxılmayacaq. Bununla bağlı Peşəkar Futbol Liqası martın 10-da qərar qəbul edib.
Görüşlər azarkeşsiz keçirilsə də, arenada klub rəsmiləri, AFFA və PFL nümayəndələri, hakimlər, futbolçular, həmçinin jurnalistlər olacaq. Görəsən, Premyer Liqa təmsilçiləri bununla bağlı nə kimi təhlükəsizlik tədbirləri görüblər? (report)
Nurlan İbrahimov ("Qarabağ"ın Mətbuat xidmətinin rəhbəri): "Koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə martın 10-da klubun bazasında dezinfeksiya işləri aparılıb. Bazada bütün otaq və dəhlizlərdə, o cümlədən yeməkxana, sanitar qovşaqları, fitnes zalı və s. yerlər xüsusi dərmanlarla dezinfeksiya olunub. Stadionun qapıları bir neçə müddətdir bağlanıb, istifadə olunmur. Eyni zamanda mərkəzi arenada da müvafiq tədbirlər görülür".
Rüstəm Allahverdiyev ("Neftçi"nin Mətbuat xidmətinin rəhbəri): "3 həftədən artıqdır ki, həm "Bakcell Arena"da, həm Türk Hava Yolları Futbol Mərkəzində, həm də komandanın bazasında, ofislərimizdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Həmçinin hər bir otağa tibbi spirt və digər dezinfektəedici məhlullar qoyulub. Bu baxımdan bizdə maksimum işlər görülüb".
Murad Axundov ("Keşlə"nin Mətbuat xidmətinin rəhbəri): "Bilirsiniz ki, rəsmi qərardan sonra akademiyamızda bütün məşqləri təxirə saldıq. Artıq iki dəfə həm klubun ofisində, həm stadiondakı paltardəyişmə otaqlarında, həm də bazada dezinfeksiya işləri aparılıb. Dezinfeksiya edilməmiş 1 santimetrlik yer də qalmayıb. Premyer Liqa oyunlarının azarkeşsiz keçirilməsi qərarı qarşıdakı 2 tura aiddir. Bizim isə bu müddətdə ev matçımız yoxdur. XXI və XXII turdakı hər iki görüşümüzü səfərdə keçirəcəyik. Ardınca Novruz bayramı olacaq. Millinin toplanışı ləğv olunsa da, çempionat bir də aprelin 4-də start götürəcək. Ola bilər ki, oyunların azarkeşsiz keçirilmə müddəti bir az da uzadılsın. Bunu biz bilə bilmərik. PFL-dən məktub gözləyirik. Bundan sonra müvafiq addımlar atılacaq. Hələlik panikaya ehtiyac yoxdur".
Rəşad Məmmədov ("Sumqayıt"ın Mətbuat xidmətinin rəhbəri): "Koronavirus söhbəti çıxandan sonra əsas və əvəzedici komandadan başqa, digər bütün yaş qrupları üzrə futbolçular evə buraxılıblar. Onlara göstəriş verilib ki, yalnız deyilən vaxtda akademiyaya gəlsinlər. Bu qadağa məşqçi heyətinə də şamil edildi. Onlar iclaslardan da azad olunub. Akademiya olaraq, hansı tarixdə yığışacağımızı dəqiq bilmirik. Hələ ki martın 27-si deyilib. Stadiona gəlincə, bütün ofislər, tribunalar, hətta şərhçi otağı belə 2 dəfə dezinfeksiya olunub. Sonuncu dezinfeksiya işi Azərkimya İstehsalat Birliyi tərəfindən dünən aparılıb. Əsasnaməyə əsasən, yalnız buraxılış vərəqəsi olanlar stadiona daxil ola biləcəklər. Giriş-çıxış bağlanılacaq ki, azarkeşlər stadiona daxil ola bilməsinlər. Jurnalistlərin əyləşdiyi sektor da 2 dəfə dezinfeksiya olunub".
Elman Himayətoğlu ("Zirə"nin baş direktoru): "Biz bu turda səfərdə oynayacağıq. Amma stadionumuzda dezinfeksiya işləri görülür. Çünki komandamız həftədə 2 dəfə orada məşq edir. Hətta azarkeşlərin olduğu tribunalarda da bu işləri görürdük. Oyunların azarkeşsiz keçiriləcəyini bilmirdik. Gərək, daha çox "Skybox", media tribunasına, paltardəyişmə və mətbuat konfransı otaqlarına nəzarət edək. Həmin yerlər dezinfeksiya olunub, yenə də olunacaq".
Elnur Həmidov ("Sabah"ın mətbuat xidmətinin rəhbəri): "Stadionda onsuz da qabaqlayıcı tədbirlər görülürdü. Dezinfeksiya işləri aparılıb. Sırf azarkeşlərin arenaya daxil olmaması üçün polislər təlimatlandırılacaq. Jurnalistlər isə yalnız PFL vəsiqəsi ilə stadiona buraxılacaqlar. Vəsiqəsi olmayanlar arenaya girə bilməyəcəklər. Media nümayəndələri, qonaqlar, AFFA və PFL nümayəndələri üçün ayrılmış yerlər də dezinfeksiya olunub. Aşağı yaş qrupları üzrə liqaların təxirə salınması ilə bağlı qərar verildikdən dərhal sonra təhlükəsizlik tədbirlərinə start vermişik. Əsas və əvəzedici komandanın məşq etdiyi köməkçi meydançanın paltardəyişmə otaqları da dezinfeksiya etmişik".
Törə Əhmədova ("Səbail"in Mətbuat xidmətinin rəhbəri): "Bildiyiniz kimi, hazırda stadionda karantin elan olunub. Bütün qapıların dəstəklərinə tənzif bağlanılıb. Hər 30 dəqiqədən bir spirt və müxtəlif dezinfeksiyaedici maddələr tökülür. Bundan əlavə, hamıya antiseptik maddələr paylanılıb. Hər mərtəbədə dezinfeksiyaedici maddələrdən istifadə olunur. Həmçinin stadion sabah yenidən dezinfeksiya ediləcək".
Anar Hacıyev ("Qəbələ"nin Mətbuat xidmətinin rəhbəri): "Bu proseslər ciddi nəzarət altındadır. Məsələ aktuallaşandan dərhal sonra akademiyanı boşaltdıq, uşaqları ailələrinin yanına göndərdik. Hər şeyə tibbi personal nəzarət edir. Onların tapşırıqları çərçivəsində işlər görülür. Komanda şəklində həm meydanda, həm də meydandan kənarda daim hərəkətdəyik. Komanda daxilində sanitar qaydalara əməl olunur. Ev oyunumuzdan əvvəl də bütün məcburi təhlükəsizlik tədbirləri görüləcək. Stadionda dezinfeksiya işləri aparılacaq, müvafiq yerlərdə dezinfektəedici məhlullar yerləşdiriləcək. Azarkeşlərlə bağlı məsələyə gəlincə, burada qeyri-adi bir şey yoxdur. İnsanlar başa düşürlər ki, bu, onların sağlamlığı, təhlükəsizliyi üçün atılan addımdır. Bu gün bütün dünya bu məsələdə diqqətlidir. Söhbət təkcə futboldan getmir. Bütün sahələrdə belədir. Düşünürəm ki, azarkeşlər də bunu anlayışla qarşılayacaq və heç bir problem yaratmayacaq". -