Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 5-i həftəsonu Qəbələyə yollanacaq.

Rekord.az xəbər verir ki, bunlar "Qarabağ", "Neftçi", "Zirə", "Sabah" və "Səbail"dir. Onları Qəbələdə eyniadlı komanda gözləyəcək. 

Klublar Bakıda 13 - 15 iyunda tətbiq olunacağı gözlənilən sərt karantin rejimi ilə əlaqədar şimal-qərb bölgəsinə üz tutmağa qərar veriblər. Komandaların artıq Qəbələdə otel rezervasiya etdikləri bildirilir.

Sözügedən klublar "Report"a açıqlamasında məlumatı təsdiqləyiblər. Premyer Liqa təmsilçilərinin Mətbuat xidmətindən bildirilib ki, planda belə bir məsələ var.

Həftəsonu evdən çıxma qadağası tətbiq olunacağı halda, "Keşlə"nin də Qəbələyə gedəcəyi gözlənilir. "Sumqayıt" isə hazırlıq prosesini elə təmsil etdiyi şəhərdə keçirməyi üstün tutub. 

Komandaların Qəbələ toplanışı müddətində yoxlama oyunları da keçirəcəkləri gözlənilir. Artıq "Neftçi"nin "Qəbələ" ilə, "Sabah"ın isə "Zirə" ilə belə bir görüşdə üz-üzə gələcəyinə dair ilk razılıq əldə olunub. 

"Qəbələ"nin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Report"a açıqlamasında bildirib ki, klubun Avropa və dünya standartlarında olan bazası Premyer Liqa komandalarına yüksəksəviyyəli hazırlıq imkanı verir: "Həm təbii, həm də süni meydanımız hər zaman ideal vəziyyətdədir. Təbii meydanlarımızın hamısı standartdır, kiçik deyil, ot örtüyü də yaxşıdır. Klublardan nə qədər müraciət olubsa, onları qarşılamaq barədə problem olmayacağını bildirmişik. Yenə hər şey özlərindən asılıdır, təşrif buyura bilərlər. 6 təbii meydançamız tam ideal vəziyyətdədir".

Qeyd edək ki, "Qəbələ" komandası sərt karantin rejimi ilə əlaqədar ötən həftəsonu öz bazasında hazırlıq keçib.