“Dünən bədənimdə ağrılar daha çox idi. Temperaturum da qalxmışdı. Bu gün isə bir az normal hiss edirəm”.

Rekord.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında “Sumqayıt”ın koronavirusa yoluxmuş kapitanı Vurğun Hüseynov deyib.

32 yaşlı müdafiəçi komanda yoldaşları kimi testinin müsbət çıxdığını bildirib: "Hazırda evimdəyəm, həkimlər müalicə yazıb. Ona uyğun müalicə olunuram. Dünən test verdik, bu gün isə müsbət çıxdı".

Hüseynov "Sumqayıt"da kütləvi yoluxmanın hansı səbəbdən qeydə alınması ilə bağlı bunları söyləyib: "Həqiqətən bilmirəm, yəqin komandada yayılıb ki, bu qədər oyunçu yoluxub və hamıda müsbət çıxıb".

Təcrübəli oyunçu 12-ci turda qarşılaşacaqları "Zirə" ilə oyunun böyük ehtimalla təxirə salınacağını sözlərinə əlavə edib: "Bu oyun təxirə salınmalıdır. Oyuna çıxmağa futbolçu tapılmayacaq. Heyət geniş də deyil. 18 yoluxma çox böyük rəqəmdir".

O, Azərbaycan Premyer Liqasının da təxirə salınmasının məqsədəuyğun olduğunu deyib: "Mən də xəstəyəm, evdə təcrid edilmişəm və müalicə alıram. Mənim şəxsi fikrim odur ki, yoluxma bu qədər çoxdursa, çempionat təxirə salınsa, daha yaxşı olar. Amma qərarı müvafiq qurumlar verəcək, yəqin ki, bu məsələlərlə bağlı addım atılacaq".

Qeyd edək ki, "Sumqayıt"ın 18 futbolçusunda koronavirus aşkarlanıb.